Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2004-cü il üzrə təhlil


2004-cü ilin yekunları üzrə Azərbaycan Respublikasında cinayətkarlığın vəziyyətinin qısa təhlili

Son illərdə olduğu kimi, 2004-cü ildə də cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qarşıda duran vəzifələr layiqincə yerinə yetirilmişdir.

Hesabat dövründə qeydə alınmış cinayətlərin sayı 16210 (+1158) hadisə olmaqla, onların açılması göstəriciləri 2003-cü illə müqayisədə 93,0%-dən 94,2%-dək, axtarışda olan təqsirləndirilən şəxslərin tutulması göstəriciləri isə 72,3%-dən 73,8%-dək yüksəlmişdir.

Cinayətlərin strukturunda soyğunçuluqların 8 (168-176), hədə-qorxu ilə tələb etmələrin 6 (41-47), mənzillərdən edilən oğurluqların 4 fakt (577-581) artmasına baxmayaraq, onların açılma göstəriciləri (80-94%) yüksək olmuşdur.
Cinayətlərin artımı əsasən az ağır (+501, 6948-7449) və böyük ictimai təhlükə törətməyən (+581, 6664-7245) hadisələrin hesabına baş vermişdir.

Banditizm, adamları girov götürmə, adam oğurluğu və hədə-qorxu ilə tələb etmə cinayətlərinin hamısı açılmışdır.
Adam oğurluğu (-5, 17,9%), adam öldürməyə cəhd (-10, 9,8%), zorlama   (-24, 49,0%), qəsdən sağlamlığa ağır zərər vurma (-40, 15,4%), oğurluq (-45, 2,5%), o cümlədən avtonəqliyyatın oğurlanması (-15, 28,8%) və mal-qara oğurluqlarının (-98, 24,4%) sayı xeyli azalmışdır.

İnsan alveri ilə bağlı 115, o cümlədən yetkinlik yaşına çatmayanların alqı-satqısı ilə bağlı 3, onları əxlaqsız əməllərə cəlb etməklə bağlı 6, seksual hərəkətlərə məcbur etmə ilə bağlı 5 fakt aşkar olunmuş, həmin cinayətlərə görə 106 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.

Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2053 (+0,2%) cinayət faktı qeydə alınmış, dövriyyədən 218 kq-dək narkotik maddə götürülmüşdür.

Keçmiş illərdən bağlı qalmış 367, o cümlədən 67 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

Qrup halında 1850 cinayət törətmiş 3952, o cümlədən 13 adam oğurluğu, 23 qəsdən adamöldürmə, 11 hədə-qorxu ilə tələb etmə, 66 quldurluq və 32 soyğunçuluq cinayətləri üzrə 308 nəfər tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmişdir.

Qanunsuz saxlanılan 1631 odlu silah, o cümlədən 167 avtomat, 182 tapança, 3 pulemyot, 27 qumbaraatan, 1062 tüfəng, həmçinin 618 qumbara və 16 minə yaxın patron götürülmüşdür.

Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı (203) baxımından Azərbaycan MDB məkanında öncül mövqeyini qoruyub saxlamışdır.

Müxtəlif cinayətlər törətdiklərinə görə 16030 nəfər müəyyən edilərək, onlardan 12954-ü (80,8%-i) cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmin şəxslərin 5399-nu (33,7%-i) gənclər, 2357-ni (14,7%-i) qadınlar, 491-ni (3,1%-i) yetkinlik yaşına çatmayanlar təşkil etmişdir.

Cinayətlərin subyektləri sırasında 13811 (86,1%) nəfər işləməyən, 1484 (9,3%) nəfər isə əvvəllər cinayət törətmiş şəxslərdir.

Azərbaycan Respublikası ərazisində əcnəbilər tərəfindən 466 (+55,0%), o cümlədən MDB vətəndaşları tərəfindən 213 (+44,0%) cinayət törədilmiş, əcnəbilərə qarşı isə 130 cinayət faktı qeydə alınmışdır (+10,8%).