DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

02.12.2017


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 2-də Sumqayıt şəhərində növbəti qəbul keçirib.

Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının qəbul üçün müraciət edən 44 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun, operativ şəkildə həlli üçün aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını  bildiriblər.