DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

19.12.2017


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 19-da Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul etmişdir.
 Qonağı salamlayan nazir onu həm bu təyinatı, həm də ölkəsinin Milli Günü  münasibətilə təbrik etmiş, dost Qətər xalqına sülh və əmin-amanlıq, cənab səfirə isə diplomatik fəaliyyətində uğurlar arzulamışdır. Dövlətlərimiz arasında qarşılıqlı etimadın yaradılmasında ümummilli lider Heydər Əliyevin və Qətər Dövlətinin sabiq Əmiri Əlahəzrət Şeyx Həməd bin Xəlifə Əl-Taninin xidmətləri xüsusilə vurğulanmışdır. Son illər ikitərəfli əlaqələrimizin dinamik inkişaf etdiyi ölkələrdən birinin Qətər olduğunu qeyd edən daxili işlər naziri R.Usubov dövlət başçıları cənab İlham Əliyev və Şeyx Təmim bin Həməd Əl-Tani arasındakı şəxsi dostluq münasibətlərinin əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verdiyini diqqətə çatdırmış, "Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında" Sazişin imzalanmasını xatırlatmışdır. Qarşılıqlı səfərlərin, yaradılan hüquqi-normativ bazanın daxili işlər orqanları arasında da əlaqələrin daha da genişlənəcəyinə xidmət edəcəyi vurğulanmışdır.
Daxili işlər naziri Ramil Usubov Qətər Dövlətinin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də, İslam Konfransı Təşkilatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini məmnunluqla xatırlatmış, buna görə  Qətər Hökumətinə və xalqına minnətdarlığını bildirmişdir.
Daha sonra nazir DİN-in fəaliyyət istiqamətləri və mövcud kriminogen durum barədə qısa məlumat vermişdir. Qeyd olunmuşdur ki, müstəqilliyin ilk illərində ölkədə hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti hökm sürmüş, cinayətkarlığın səviyyəsi kulminasiya nöqtəsinə çatmışdır.  Yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi altında hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti ilə ölkədə sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarət altına alınmışdır.
General-polkovnik Ramil Usubov səfirdən səmimi salamlarını Qətər Dövlətinin Baş naziri – daxili işlər naziri Şeyx Abdullah bin Nasser bin Xəlifə Əl-Taniyə çatdırmağı xahiş etmiş və onun Azərbaycana səfərə gələcəyinə ümidvar olduğunu bildirmişdir.
Səfir Yusif bin-Həsən Əl-Sain səmimi qəbula və ətraflı məlumata görə təşəkkür etmiş, bütün sahələrdə əməkdaşlığın gündən-günə inkişaf etdiyini, dövlət başçılarımızın qarşılıqlı səfərlərinin bu əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini, indiyədək Azərbaycanla Qətər arasında müxtəlif sahələri əhatə edən bir neçə beynəlxalq hüquqi sənədin imzalandığını, hər iki ölkənin daxili işlər orqanları arasında işgüzar əlaqələrin yaradılmasının əhəmiyyətini vurğulamış,  daxili işlər nazirlərinin də qarşılıqlı səfərlərinin polis təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.
Səmimilik və işgüzar  şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.