DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin məlumatı

12.07.2018

Bu gün, iyulun 12-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncə şəhərinə gedərək orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirmiş, görülən işlər barədə hesabatlarını dinləmişlər. 
Məruzə olunmuşdur ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilmişdir.
Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar vermişlər. 

Müşavirədən sonra Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi  kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak etmişlər. Onlar, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, polis əməkdaşlarının ailələrinə və yaxınlarına Dövlət Başçısının başsağlığını çatdırmış, kədərlərinə şərik olmuşlar.