DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

15.08.2014

 
Avqustun 15-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilk öncə qeyd etdi ki, bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş 120 nəfərin təyinatı şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında püşkatma yolu ilə həyata keçirilmişdir. Nəticədə DİN-in müvafiq əmrləri ilə məzunlardan 44 nəfəri Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində, 76 nəfəri isə daimi yaşadıqları yerlər üzrə respublikanın ərazi polis qurumlarında zabit vəzifələrinə təyin edilmişlər.       
Gənc əməkdaşları həyatlarında ən əlamətdar günlərdən biri - zabit paqonu daşımaq şərəfinə nail olmaları və zabit vəzifələrinə təyin edilmələri münasibəti ilə təbrik edən nazir, son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük uğurların qazanıldığını vurğulamış, ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi və iş keyfiyyətlərinə malik bacarıqlı və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilməsi üçün bütün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır.
General-polkovnik R.Usubov Polis Akademiyasında aldıqları nəzəri biliklərin praktiki tətbiqində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, inamla inkişafa doğru getmələrini, xalqa və Vətənə sədaqətli xidmətləri ilə polis adını həmişə uca tutmalarını gənc zabitlərə tövsiyə etmişdir. Qeyd etmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumaq, vətəndaşların qəbuluna və  müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmaq hər bir əməkdaşın, o cümlədən gənc polis zabitlərinin ümdə vəzifəsidir.
Nazir əmin olduğunu bildirmişdir ki, bu gün  respublikamızın daxili işlər orqanlarının zabit heyəti sıralarına yenicə qoşulmuş gənc əməkdaşlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə asayişin nümunəvi təminində öz səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı əməli fəaliyyətlə doğruldacaqlar.
Tədbirin sonunda gənc zabitlərin suallarını cavablandıran nazir onları narahat edən bəzi problemlərin həlli üçün DİN-in aidiyyatı qurumlarına müvafiq tapşırıqlarını vermişdir.