DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

23.10.2014


Oktyabrın 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xəlifə Məhəmməd Əl-Gaflini qəbul etmişdir.
Qonağı salamlayan nazir BƏƏ-nin müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edərək ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir.

Daha sonra DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra həyata keçirilən islahatlar, sabitlik və əmin-amanlığın bərpa edilməsi, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları üçün normal şəraitin  yaradılması barədə məlumat verilmişdir.
2007-ci ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərinə səfərini xatırladan daxili işlər naziri Azərbaycan tərəfinin iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafında hər zaman maraqlı olduğunu, bu görüşün əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini vurğulamışdır.

Səfir Salem Xəlifə Məhəmməd Əl-Gafli səmimi qəbula və ətraflı məlumata görə təşəkkür etmiş, paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində yaradılmış təhlükəsiz və əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu, bundan sonrakı fəaliyyəti dövründə də ikitərəfli əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəyini bildirmişdir.