DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

15.11.2014


Noyabrın 15-də Şirvan Şəhər Polis Şöbəsində respublikanın Cənub, Aran və Qarabağ bölgələrinin ərazi polis orqanları rəislərinin xidmət üzrə müavinlərinin və qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə zona müşavirəsi keçirilib. 
Müşavirədə cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.
Toplantıda respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev görülən işlər, xidməti fəaliyyədə buraxılmış nöqsanlar, qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.  

Daha sonra məruzə ətrafında müxtəlif çıxışlar dinlənilib, mövzu ilə bağlı məsələlər barədə müzakirə və fikir mübadiləsi aparılıb.    
Tədbirə yekun vuran polis general-mayoru İsmət Əliyev son naziryanı əməliyyat müşavirəsində daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun qeyd etdiyi iradları xatırladaraq, fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların, polisin cəmiyyət arasında yüksək nüfuzuna və işgüzar imicinə xələl gətirən neqativ halların qısa müddətdə aradan qaldırılmasının zəruriliyini bildirib. 

Nazir müavini xidməti fəaliyyətin daha da təkmilləşdirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının, bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə kütləvi informasiya vasitələri ilə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırılmasının vacibliyi barədə müşavirə iştirakçılarına DİN rəhbərliyinin tövsiyyələrini çatdırıb, hər bir əməkdaşdan üzərinə düşən vəzifələri yüksək səviyyədə və layiqincə yerinə yetirməyi tələb edib.