DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

05.01.2015

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini cari ildə də davam etdirirlər.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri ilə narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Mirzə Mənafov yaxalanıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında ona məxsus "Mersedes" markalı avtomobilə baxış zamanı ümumi çəkisi 6 kiloqram narkotik vasitə, o cümlədən 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində isə Salyan şəhər sakinləri Abış Ələkbərov və Şöhrət Ağayev paytaxtın Qaradağ rayonu ərazisində 1 kiloqram qurudulmuş marixuananı 3000 manata satarkən saxlanılıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Astara rayon sakini, əvvəllər məhkum olunmuş Şaiq Quliyevdən 503,127 qram heroin götürülüb.
Göstərilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.