DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikası Baş Prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin məlumatı

23.05.2015

2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğının baş verməsi faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində başlanmış cinayət işi Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq edilən cinayət işinə birləşdirilməklə vahid icraatda istintaqı davam etdirilir.

Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülmüşdür.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə  təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi rayon məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə həmçinin, mayın 19-da Binəqədi rayonunda yaşayış  binasında baş vermiş yanğınla əlaqədar binanın “poliuretan” materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə  təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda hadisənin baş verməsində təqsiri olan şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.