DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

16.10.2015


 Oktyabrın 16-da Daxili İşlər Nazirliyində "Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi"nin və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.  
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Kollegiya iclasını açaraq  müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, vətəndaşların müraciətlərinə baxılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və nəzarətində olduğunu, məhz onun tapşırığına əsasən, son illər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mütəmadi olaraq vətəndaşların qəbulunu keçirdiklərini, onların problemlərini şəxsən dinlədiklərini vurğulayıb. Daxili işlər orqanlarının fəaliyyətində ən prioritet istiqamətlərdən olan bu əhəmiyyətli məsələnin sonuncu dəfə 2013-cü ildə müzakirə olunduğunu xatırladan nazir qarşıda duran yeni vəzifələrin müəyyən edildiyini, həmin Kollegiyadan ötən iki il ərzində bu sahədə xeyli irəliləyişin baş verdiyini, əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, o cümlədən müraciətlərin obyektiv və vaxtında araşdırılmasına, təşəbbüskarlara yazılı cavabların verilməsinə, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun ədalətli qərarların çıxarılmasına, qəbulların müntəzəmliyinə nəzarət və tələbkarlığın artırıldığını bildirib.
Bununla yanaşı, qeyd olunub ki, kriminogen duruma mənfi təsir göstərən amillərdən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi də müvafiq sahədə fəaliyyətin təşkilinə xüsusi diqqət, vəziyyətin daim nəzarətdə saxlanılmasını və adekvat tədbirlərin vaxtında müəyyən edilib icraya yönəldilməsini tələb edir.
Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu xatırladıb.

 Gündəlikdəki birinci məsələ ilə bağlı DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov məruzə ilə çıxış edib. O deyib ki, ölkəmizdə hər bir şəxsin konstitusion hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması və qəbulu daim ciddi nəzarətdə saxlanılıb, xüsusi həssaslıq və ardıcıllıqla yerinə yetirilib. Müvafiq sahədə idarəçilik fəaliyyətinin, icra intizamına nəzarət mexanizminin təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinə diqqət artırılıb.
Nazirliyin aparatında və struktur qurumlarında "Elektron sənəd dövriyyəsi" sisteminin əhatə dairəsi, o cümlədən proqram təminatı genişləndirilib, müraciətlərin elektron poçt vasitəsilə qəbulu, qeydiyyatının elektron formada aparılması işinin təkmilləşdirilməsi davam etdirilib.
Rəsmi veb-sayta edilən müraciətlərin də Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiyası təmin olunub. Nəticədə vətəndaşların sayt vasitəsilə respublikanın istənilən yerindən birbaşa elektron qaydada müraciət etmələrinə, qəbula yazılmalarına dair ərizələrinin elektron formada ötürülməsinə və operativ cavablandırılmasına imkanlar yaradılıb. Həmçinin, əlavə sənəd dövriyyəsinin, vaxt itkisinin, qəbulla bağlı təkrar müraciətlərin qarşısı alınıb, vətəndaşa aid məlumatların sistemli axtarışı təşkil edilib.
Şəhər, rayon polis orqanlarında ərizə və şikayətlərin avtomatlaşdırılmış qeydiyyat bazasının yaradılması və "Elektron Sənəd Dövriyyəsi" sisteminə inteqrasiyası da başa çatdırılıb.
Qeyd edilib ki, Nazirliyin rəhbərliyi tərəfindən son bir il 9 ayda 6.412, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 4.223 vətəndaş qəbul olunub. Hər bir müraciətin mahiyyəti üzrə lazımi tədbirlər görülərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, əmlak mübahisələri və dəymiş ziyanın ödənilməsi məsələləri ilə bağlı hüquqi yardımlar göstərilib.
Eyni zamanda, Nazirliyin müvafiq Kollegiya Qərarının və göstərişinin icrası çərçivəsində şikayətləri doğuran səbəblərin və şəraitin aradan qaldırılması üzrə səmərəli tədbirlər həyata keçirilib. Bütün bunlarla əlaqədar ötən il 456 və carı ilin 9 ayında 295 vətəndaş Nazirliyə minnətdarlıq məktubları ünvanlayıb.
Şikayətlərin araşdırılmasının keyfiyyətinə diqqətin artırılması, qanunçuluğun pozulmasına qarşı təsirli ölçülərin götürülməsi fəaliyyətin aidiyyəti qanunların, fərman və sərəncamların  tələblərinə uyğun daha effektli təşkilində əhəmiyyətli rol oynayıb.
Görülmüş bu və digər təşkilati-praktiki tədbirlərlə 2014-cü ildə vətəndaşlardan Nazirliyə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, şikayətlərin sayı 6,9 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanlanan müraciətlərin sayı 21 faiz azalıb. Qeyd edilməlidir ki, şikayətlərin araşdırılmasının birbaşa rayon polis orqanlarının rəislərinə həvalə edilməsi və nəticələrinin məruzə olunması tələbi  ötən il daxil olan ümumi müraciətlərin  dinamikasına  müsbət təsir göstərib.
Carı ilin 9 ayında bilavasitə Nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz, o cümlədən təkrar şikayətlərin sayı 3 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 2,8 faiz azalıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov gündəlikdəki ikinci məsələ barədə məruzə edib. O bildirib ki, Nazirlik tərəfindən respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin məqsədyönlü təşkilinə, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilərək davamlı tədbirlər görülür.
Əvvəlki illərdə olduğu kimi, narkotiklərlə bağlı cinayətləri hazırlayan və törədən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi hesabat dövründə də başlıca vəzifələrdən olub və müvafiq tədbirlər kriminogen durumun nəzarətdə saxlanılmasını, narkotiklərin ölkə ərazisində yayılması cəhdlərinin qabaqlanmasını şərtləndirib. 2015-ci ilin 9 ayında daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqədar 2497 cinayət,  o cümlədən satışı ilə bağlı 659 fakt müəyyən edilib, 115 nəfərdən ibarət 43 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,5 faiz və ya 200 kiloqram çox narkotik vasitə, o cümlədən 116,7 kq tiryək, 34,3 kq heroin, 15 kq həşiş, 547,2 kq marixuana, 18,4 kq sair vasitələr çıxarılıb. Eyni zamanda, 59,4 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 169 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Nazirliyin müvafiq Kollegiya qərarına uyğun olaraq, son bir ilə yaxın müddətdə 75 şəhər, rayon polis orqanı tərəfindən   orta, orta-ixtisas və ali təhsil müəssisələrində yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi ilə bağlı 576 görüş təşkil olunub.

Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsanlardan danışmış, ilin sonunadək onların aradan qaldırılması üçün kəsərli tədbirlərin həyata keçiriləcəyini bildiriblər.
İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirə olunan hər iki məsələ üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını  tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

O, xüsusilə vurğulayıb ki, polisin ictimai nüfuzuna və işgüzar imicinə həlledici təsir göstərən vətəndaşların qəbulu və müraciətlərinə baxılması orqan rəislərinin və onların müavinlərinin hər zaman diqqətində olmalı, görülən işlər mütəmadi öyrənilməli, təkrar şikayətləri doğuran səbəblərin müəyyən edilməsi, belə halların  qarşısının alınması üçün bu növ müraciətlər vaxtaşırı nəzarət qaydasında yoxlanılmalı, vətəndaşların müraciətləri üzrə aparılmış araşdırmaların nəticələri barədə təşəbbüskarlara bütün hallarda rəsmi cavab verilməlidir.
Nazir narkotik vasitələrin qeyri-qanuni yollarla respublikamıza gətirilməsinin qarşısının alınması, güclü təsirə malik olan narkotiklərin qanunsuz dövriyyəyə girmədən aşkarlanmasına, onları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəldilmiş əməliyyat-axtarış tədbirlərinin daha da gücləndirilməsinin, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi baxımından ayrı-ayrı əmək kollektivlərində, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daxili işlər naziri Ramil Usubov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi iə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının proqram xarakterli nitqində respublikamızda sabitliyin, əmin-amanlığın hökm sürdüyünü vurğulamasının qürurverici olduğunu, bu işdə onun rəhbərliyi ilə respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da danılmaz xidmətini diqqətə çatdırıb. Həmin iclasda dövlət başçısının prinsipial mövqeyini xatırladan nazir sahibkarlıq fəaliyyətinə müdaxilənin, vətəndaşlarla münasibətdə kobudluq, süründürməçilik və korrupsiya hallarının yolverilməzliyini, belə neqativ əməllər törədən əməkdaşlar və onların rəhbərliyi barədə ciddi intizam tənbehi tədbirlərinin görüləcəyini bir daha qeyd edib.
Qarşıdan dövlət əhəmiyyətli mühüm tədbirin-növbəti parlament seçkilərinin gəldiyini xatırladan cənab Ramil Usubov daxili işlər orqanlarının bu sahədə böyük təcrübəyə malik olduğunu, asayişin qorunması və təhlükəsizliyin təmini məsələlərində onların üzərinə qanunvericilikdən irəli gələn mühüm vəzifələr düşdüyünü, əvvəlki illərdə və anoloji tədbirlərdə olduğu kimi, hər bir əməkdaşın qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.
O, bir daha qeyd edib ki, bu gün daxili işlər orqanlarının qarşısında duran əsas vəzifə dövlətimizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın sosial rifahının yüksəldilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin başlıca təminatlarından olan ictimai-siyasi sabitliyin etibarlı qorunması, daha da möhkəmləndirilməsidir. Ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmaq, qarışıqlıq, xaos və anarxiya yaratmaq istəyən qüvvələrin qarşısı qanunların verdiyi imkanlar çərçivəsində ən sərt, qətiyyətli şəkildə alınacaqdır.

Daxili işlər naziri ölkə Prezidenti cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaqdır.