DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

22.10.2015

Oktyabrın 22-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların Bakı Şəhər və Nəqliyyatda Baş Polis idarələrinin orqan və hissələrində vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib.
Nazir qeyd edib ki, istər ümummilli liderimiz, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıblar. O deyib ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.

Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Səfər Əliyev Nazirliyə 30 əməkdaşın dəvət edildiyini bildirib və namizədlərin siyahısını elan edib. Daha sonra  iddiaçılar orta rəis heyətinə aid müxtəlif vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.
 Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar daxili işlər nazirinin müvafiq əmrləri ilə "polis leytenantı" xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar.
Tədbirə yekun vuran daxili işlər naziri gənc əməkdaşları təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.
O, vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, ölkə Prezidentinin rəhbərliyi altında hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında  ulu öndərimizin və möhtərəm dövlət başçımızın qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.  

 Cənab Ramil Usubov gənc zabitləri bir daha təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.
Nazir əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.