DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ölkəmizin təmsilçisi müsabiqənin qalibi oldu

06.07.2016


 Bu il iyunun 26-dan iyulun 1-dək Moskva vilayətinin Domodedovo şəhərində Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibəti ilə “Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Yol Hərəkəti Təhlükəsizliyi Dövlət İnspeksiyasının ən yaxşı yol-patrul xidməti əməkdaşı” adı uğrunda lX Ümumrusiya müsabiqəsi keçirilib.

Müsabiqədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin aidiyyatı xidmət əməkdaşları ilə yanaşı Azərbaycan Respublikası DİN-in Dövlət Yol Polisi xidmətinin nümayəndəsi də iştirak edib.

Yarışlar əsasən, xüsusi hazırlıq üzrə - yol hərəkəti qaydaları, yol hərəkətinin tənzimlənməsi, nizamlanması; texniki-kriminalistika üzrə - xüsusi və operativ-mexaniki vasitələr; tibbi hazırlıq üzrə - nəzəri hissə və yol-nəqliyyat hadisələri zamanı yaralılara ilkin tibbi yardım; atəş hazırlığı üzrə - silah hissələri və təhlükəsizlik qaydaları üzrə bilik səviyyəsi, atəş hazırlığı normativlərin icrası, praktiki atıcılıq; fiziki hazırlıq üzrə - güləş döyüş fəndləri, turnikdə dartınma, 1 kilometr kross qaçma və digər sahələr üzrə aparılıb.  

Tədbirdə adları çəkilən sahələr üzrə yarışlar keçirilib və əməkdaşların topladığı ballara uyğun olaraq qaliblər müəyyən edilib.

Ölkəmizi müsabiqədə təmsil edən Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 8-ci taqımının inspektoru, polis baş serjantı Emil İbrahimov bütün yarışlar üzrə ən yüksək nəticə göstərərək turnirin qalibi olub.  

Məlumat üçün bildirək ki, yarışlarda 2-ci yerə Belorusdan, 3-cü yerə isə Osetiyadan olan əməkdaşlar layiq görülüblər.

Turnirin sonunda qaliblərin mükafatlandırılması mərasimi  olub. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinə rəhbərlik etmiş, istefada olan polis general-leytenantı Vladimir Fyodorov mükafatları sahiblərinə təqdim edib.