DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

ƏSL VƏTƏNDAŞ,BÖYÜK ŞƏXSİYYƏT və QÜDRƏTLİ LİDER

10.05.2013

Ramil USUBOV,
Azərbaycan Respublikasının daxili işlər naziri,
general-polkovnik

            ƏSL VƏTƏNDAŞ, BÖYÜK ŞƏXSİYYƏT və QÜDRƏTLİ  LİDER

Xalqımızın taleyində misilsiz rolu olan, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin xilaskarı, qurucusu, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış və dünya birliyinə qovuşdurmuş əvəzsiz tarixi şəxsiyyət - Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi respublikamızda, eləcə də onun hüdudlarından çox-çox kənarlarda böyük təntənə ilə qeyd edilir. Əbədiyaşar liderimizin xatirəsi Azərbaycanın hər bölgəsində, bütün sosial təbəqələr tərəfindən böyük sevgi ilə anılır. Fədakar həyatı, çoxcəhətli və möhtəşəm fəaliyyəti ilə "Dünyanın ən böyük azərbaycanlısı" adını qazanmış ümummilli liderimizə olan vətəndaşlıq borcumuz, dövlətə müstəqillik, xalqa isə azadlıq bəxş edən rəhbərə bəslənən sonsuz ehtiram bu günlərdə səslənən hər sözdə öz əksini tapır.

Sovet Azərbaycanında milli intibah

Bu əlamətdar yubiley Azərbaycan dövlətinə və xalqına əsl xidmətin nə demək olduğunu bir daha dərk etməyə imkan verən xüsusi əhəmiyyətli tarixi bir hadisədir. Ulu Öndərin keçdiyi həyat yolunun və fəaliyyətinin indiki və gələcək nəsillərə çatdırılması bizim mənəvi borcumuz, həm də onun yaratdığı müstəqil Azərbaycanın adına olan ehtiramımızdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev barədə danışmaq çox şərəfli və eyni zamanda çox məsuliyyətlidir. Hər ötən gün bizə onun necə uzaqgörən bir insan olduğunu, Azərbaycana qarşıdakı onilliklər boyu rifah, yüksəliş bəxş edəcək planları zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyini bir daha təsdiqləyir. Heydər Əliyev həm də regionun şəriksiz lideri idi və dünyanın ən görkəmli dövlət xadimləri sırasında öz adını əbədi həkk etdirmişdir.
Bütün dövrlərdə ən ali örnək kimi qəbul ediləcək böyük vətəndaş, qüdrətli lider yalnız dövlətin tərəqqisi, müstəqil Azərbaycanın - onun vətəndaşlarının işıqlı və xoşbəxt gələcəyi naminə yaşayırdı. Həyatını xalqına fəda edən, "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyən Heydər Əliyev Azərbaycanın son onilliklər ərzində qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifidir. Ölkədə kriminogen durumun nəzarət altına alınması, cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili, ümumilikdə ictimai-siyasi sabitliyin qorunması kimi önəmli məsələlərin həlli ilə bağlı Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət, atdığı məqsədyönlü addımlar nəticə etibarilə Azərbaycan dövlətçiliyinin təşəkkülünə və güclənməsinə ciddi təkan verdi.
Gənc yaşlarından Vətəninə, xalqına xidmət etməyi öz həyatının əsas amalı seçmiş Ulu Öndər fövqəladə təşkilatçılıq və idarəçilik qabiliyyətinə, böyük xarizmaya, sarsılmaz milli ruha və yenilməz iradəyə malik bir şəxsiyyət idi. Yalnız dahilərə xas olan nadir keyfiyyətləri sayəsində, o, Azərbaycan Xalq Daxili İşlər Komissarlığında sıravi əməkdaşdan Dövlət Təhlükəsizlik Komitəsinin Sədri vəzifəsinədək yüksəlmiş və xüsusi xidmət orqanlarında ilk azərbaycanlı general olmuşdur.
1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin məhz liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və təşkilatçılıq məharətinin növbəti etirafı və təsdiqi idi. Həmin dövrdə bu böyük siyasət dahisi özünü Azərbaycanın yüksəlişinə həsr edərək iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, dövlət idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, xalqın tarixi yaddaşının yenilənməsi üçün böyük əhəmiyyətli işlər görmüşdür.
1969-1982-ci illərdə respublikamızda milli gəlirin həcmi 2,5 dəfə artmışdı. Böyük quruculuq işləri aparılır, müasir infrastuktur yaradılır, şəhərlərdə yeni mikrorayonlar, park və xiyabanlar salınır, fabrik və zavodlar tikilirdi. Mədəniyyət tariximizdə iz qoyan onlarca görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş və başqa sənət xadimləri yetişirdi. Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının güclənməsi və gələcəkdə reallaşması üçün etdiyi məharətli siyasi gedişlər nəticəsində Azərbaycan dili respublika konstitusiyasında dövlət dili kimi təsbit edildi. Onun  gördüyü qətiyyətli tədbirlər və şəxsi qayğısı ilə ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında soydaşlarımızın sayı davamlı surətdə artmağa başladı, Cəmşid Naxçıvanski adına hərbi litsey yaradıldı.
Ulu Öndər respublikamızın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının inkişafı və milliləşməsi istiqamətində də diqqətəlayiq bir fəaliyyət ortaya qoydu. Həmin illərdə Daxili İşlər Nazirliyinə dövlət qayğısı gücləndi, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə önəm verildi.

Dağlıq Qarabağda xilaskarlıq missiyası

Daha bir uzaqgörən siyasət Dağlıq Qarabağda Azərbaycanın mərkəzi hakimiyyətinin mövqelərinin möhkəmləndirilməsi oldu. Həmin dövrdə vilayətdə yaşayan bir vətəndaş kimi 60-cı illərdəki acınacaqlı vəziyyəti yaxşı xatırlayıram. Yerevandan idarə olunan məkrli qüvvələr millətlərarası münasibətləri kəskinləşdirir, bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması günü-gündən daha geniş miqyas alır, onlar hətta öz doğma dillərində belə ehtiyatla danışırdılar.
Yalnız Heydər Əliyevin qətiyyətli mövqeyi və məqsədyönlü siyasəti sayəsində Dağlıq Qarabağda əl-qol açmış erməni millətçiliyinə sipər çəkildi. Moskvadakı imperiyapərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, vilayət şovinist ünsürlərdən təmizləndi. Bölgənin dövlət qurumlarında, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunması xeyli artdı. Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə qaytarıldı. Görülmüş qətiyyətli tədbirlər nəticəsində erməni və Azərbaycan xalqları arasında düşmənçilik toxumu səpənlər geri çəkildilər. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, bütün bu mühüm əhəmiyyətli işlər yerli erməni əhalisinin əksəriyyəti tərəfindən də rəğbətlə qarşılanırdı.
Bir sözlə, Heydər Əliyev 70-ci illərdə artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytardı və bu, orada yaşayan soydaşlarımız üçün yeni dövrün başlanğıcı oldu. Dağlıq Qarabağ azərbaycanlıları özlərini doğma yurdlarının əsl sahibləri kimi hiss etməyə başladılar. Əvvəlki dövrlərlə müqayisədə həmin illərdə vilayətdə yaşayanların demoqrafik tərkibində azərbaycanlıların artımı da müşahidə olundu. Bölgənin sosial-iqtisadi həyatında böyük uğurlar əldə edilir, mühüm infrastrukturlar istifadəyə verilirdi. 1978-ci ildə Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmiryol xəttinin çəkilişində Heydər Əliyevin məqsədi həm də Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını daha da möhkəmləndirmək idi. Vilayətin ən ucqar kəndlərinin də yolları abadlaşdırılır, yaşayış məntəqələrinin elektrik enerjisi və qazla təminatı yaxşılaşırdı.
Ulu öndərimiz vilayətdə yaşayan azərbaycanlıların təhsil məsələlərinə də xüsusi önəm verirdi. 70-80-ci illərdə bölgədə onlarca müasir məktəb inşa edildi. 1973-cü ildə isə Xankədidə Pedaqoji İnstitutun açılması ilə vilayətdə milli ziyalı kadrların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artdı və onun fəaliyyəti Dağlıq Qarabağda azərbaycanlı ziyalıların formalaşması prosesinə ciddi təsir göstərdi.  
Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə də böyük diqqət yetirirdi. Şuşada kurort kompleksinin inkişaf etdirilməsi və azərbaycanlı əhalinin kompakt yaşadığı bu şəhərin bölgənin mədəni, siyasi mərkəzinə çevrilməsi prosesi məhz ulu öndərimizin xeyir-duası ilə həyata keçirilirdi.  
Ümummilli liderimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün Dağlıq Qarabağla bağlı ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu müddətdə erməni millətçiləri torpaq iddialarını heç vaxt açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və onların iki xalq arasında münasibətləri gərginləşdirmək cəhdlərinə imkan verilmədi. Ermənistanın ölkəmizə təcavüzü, Dağlıq Qarabağda və onun ətrafında cərəyan edən neqativ hadisələr də məhz ulu öndərimizin Moskvada tutduğu yüksək dövlət vəzifələrindən uzaqlaşdırılmasından sonra baş verdi.
Bütövlükdə, Azərbaycana ilk rəhbərliyi dövründə, Heydər Əliyev böyük uzaqgörənliklə bugünkü müstəqil dövlətimizin ilkin əsaslarını formalaşdırdı.

Xaosdan Qurtuluşa

1991-ci ildə müstəqillik qazanmış Azərbaycanı Ermənistanın işğalçılıq siyasəti, daxildəki xaos və hərc-mərclik çətin sınaqlara çəkirdi. Ölkəmiz regionlara bölünmək həddinə çatdırılmışdı. Baş verən mənfi meyillər respublikanı uçuruma aparır, onun səriştəsiz rəhbərliyinin idarəçilikdə yol verdiyi kobud səhvlər isə ölkəmizi 1993-cü ilin iyun ayında vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Dövlətçiliyi məhv olmaqdan, insanları vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan xilas etməyin yolunu xalqımız yalnız Heydər Əliyev şəxsiyyətində görür və onun ali hakimiyyətə qayıtmasını tələb edirdi. Nəticədə ümummilli xarakter almış bu təkidlərin qarşısında Azərbaycanın ozamankı rəhbərliyi Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldu.
Ulu Öndər 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçildi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi yazılan həmin gündən etibarən Ümummilli Liderin Azərbaycana rəhbərliyinin ikinci dövrü – yeni missiya başlandı.
Heydər Əliyevin qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı və milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesi geniş vüsət aldı. Qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, dünyəvilik kimi ümummilli və ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu.
Dövlətin xarici siyasəti, o cümlədən aparıcı ölkələr və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt üzrə inkişaf etməyə başladı. Ümummilli Lider hesab edirdi ki, müstəqil dövlət kimi mövcud olmaq üçün, hər şeydən öncə, ölkədə sabitliyi təmin etmək xüsusilə vacibdir. İctimai-siyasi sabitlik olmayan yerdə isə nizami ordu qurmaq, demokratik islahatlar aparmaq, iqtisadi inkişafa nail olmaq mümkün deyil. Heydər Əliyev həm də Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və arxasında duran qüvvələrin məkrli niyyətləri ilə yaxından tanış idi. Bu baxımdan, Ulu Öndər cəbhə xəttində atəşkəsin əldə edilməsinə çalışaraq müharibənin dayandırılmasına nail oldu. Nəticədə Azərbaycanda baş alıb gedən iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq, islahatlar aparmaq üçün vaxt və imkan yarandı.
1995-ci ildə qəbul edilmiş və müəllifi məhz Heydər Əliyev olan ilk konstitusiyamız - hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu, insan hüquqlarının üstünlüyünü və hakimiyyət bölgüsünü Azərbaycanın gələcək inkişaf yolu kimi müəyyənləşdirdi. Həmin ildə Milli Məclisə keçirilən birinci seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına geniş imkanlar açdı.
Heydər Əliyev Müstəqil Dövlətlər Birliyi çərçivəsində ilk dəfə olaraq torpaq islahatı apardı, şəffaf özəlləşdirmə prosesinin banisi oldu. Ermənistanın təcavüzkar siyasətini ifşa edərək gələcək uğurlarımızın siyasi, diplomatik və informativ zəminini formalaşdırdı. Azərbaycanın haqq səsini dünyaya, beynəlxalq təşkilatlara çatdırdı.
Hər birimizə yaxşı məlumdur ki, müasir tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.

Daxili işlər orqanlarının böyük himayədarı

Ulu öndərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. İntensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi.
Ulu Öndər 1994-cü il aprelin 29-da Nazirliyin rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyələrini verdi. Onun şəxsi nəzarəti ilə qısa müddətdə bu vəzifələr reallığa çevrildi. Ümummilli Liderin 1994-cü ilin avqust ayında imzaladığı «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar, "Daxili işlər orqanlarında xidmət keçmə haqqında" və "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında" əsasnamələr qəbul edildi.  
Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü.  
Sabitliyin bərqərar edilməsi isə öz növbəsində islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə əlverişli zəmin yaratdı. Xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında respublikamızda iqtisadi tərəqqiyə yol açan «Əsrin müqaviləsi» imzalandı.
Lakin həyat göstərdi ki, Heydər Əliyevin milli maraqlarımızın təmin edilməsindəki qətiyyətli mövqeyi və yorulmaz fəaliyyəti ölkənin xaricində və daxildə olan düşmənlərimizi olduqca narahat edir. Onlar necə olursa-olsun Azərbaycanı bu yoldan döndərmək üçün müxtəlif vasitələrə əl atmağa başladılar.
Niyyət bəlli idi: respublikadakı mövcud ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəni müstəqil inkişaf yolundan döndərmək. Ancaq Ümummilli Liderimiz 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişinə cəhdlərin qarşısını öz zəkasının, müdrikliyinin gücü, onu dəstəkləyən xalqının əzmi və iradəsi ilə aldı. Müstəqilliyimiz qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoyuldu.  
Xatırlatmaq yerinə düşərdi ki, 1992-ci illə müqayisədə 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəlmiş, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı. 10 il ərzində daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla qrup halında 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirilmişdi.
Ümummilli Lider tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı.
Hələ hadisələrin ən qaynar dövründə - 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə Prezident Heydər Əliyev vurğulamışdı ki, "Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır".
Göründüyü kimi, ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların da himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı sayəsində, 1993-cü illə müqayisədə 2003-cü ildə Nazirliyin büdcəsi 6 dəfə artmış, bu dəyişikliyin əsas qayəsini əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi və sair təşkil edirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmiş, o cümlədən "Milli Qəhrəman" adına, orden və medallara layiq görülmüşdü.
Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçilik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən daxili işlər orqanları və Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatların təhlükəsizliyinin təminatçılarından biri oldu.
Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən Ulu Öndər 2002-ci ildə peşə bayramımızda şəxsən iştirak edərək bir daha xidməti fəaliyyətimizlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanlarımızı göstərib tövsiyələrini verdi, vəzifələrimizi müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: «Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram».

Heydər Əliyevin şərəfli irsi layiqincə davam etdirilir

Vətəninin gələcəyini düşünən Ümummilli Liderin xalq qarşısında əvəzsiz xidmətlərindən biri də onun zamanını qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində ölkəmizi uğurla idarə edən xarizmatik lider yetişdirməsidir. Zati-aliləri cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 ilə yaxın bir müddətdə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşmışdır. Ölkəmizin iqtisadi və hərbi potensialı, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Artıq neçə ildir ki, respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətləri sırasındadır.
Ulu öndərimiz Heydər Əliyevin xalqa son müraciətindəki müdrik mövqeyini, uzaqgörənliyini – “Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikrini cənab Prezident öz uğurlu fəaliyyəti ilə ötən müddətdə tam təsdiqlədi və həm ulu öndərimizin, həm də bütün xalqın ümidlərini doğrultdu. Hələ 2003-cü ilin 15-16 oktyabr hadisələrində, eləcə də 2005-ci ilin oktyabrında bəzi xəyanətkar məmurların ifşası zamanı ölkə rəhbərinin nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq, eyni zamanda, təmkin və əzmkarlıq, məsələyə yanaşmada əsl Heydər Əliyev nümunəsi idi. Cənab İlham Əliyev də ulu öndərimiz kimi sübut etdi ki, dövləti inkişaf etdirmək, onu qorumaq sarsılmaz siyasi iradə və qətiyyət tələb edir.
Böyük minnətdarlıq hissi ilə onu da qeyd edim ki, daxili işlər orqanlarına və Daxili Qoşunlara diqqət və qayğı siyasəti bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı şəxsi heyətin fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, bu orqanlarda çalışanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm qərarlar qəbul etmişdir. 2004-cü ildə ölkə rəhbəri polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramını təsdiq etmiş, vəzifə maaşlarının artırılması, zabitlərə ali xüsusi rütbələrin verilməsi, əməkdaşların dövlət mükafatları ilə təltif olunması ilə bağlı çoxsaylı fərman və sərəncam imzalamışdır. Artıq uzun illərdir ki, Azərbaycan həm də əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən olmaqla asayişin təmini, cinayətkarlığa qarşı mübarizədə əldə edilmiş müsbət nəticələrə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutur.
Birmənalı şəkildə demək olar ki, xalqımızın demokratik, hüquqi dövlətdə yaşamaq arzusunun gerçəkləşməsi məhz Ümummilli Liderin yaratdığı, nəsillərə əmanət etdiyi, müstəqillikdən sonra ən böyük milli sərvətimiz saydığı sabitliklə bilavasitə bağlıdır. Onu qorumaq, möhkəmlətmək, dönməzliyini təmin etmək isə hər birimizin müqəddəs vəzifə və vətəndaşlıq borcudur.
Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin uğurlu gələcəyinin təminatıdır. Respublikamızın rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev fəaliyyətinin əsas məğzini belə bəyan edib: "Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin".
Xalqımız əmindir ki, Azərbaycanın yüksəlişinə və tərəqqisinə hesablanan bu ülvi məqsəd uğurla gerçəkləşəcək və Heydər Əliyev idealları Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin davamlı inkişafını, onun vətəndaşlarının firavan və xoş gələcəyini təmin edəcəkdir.
Bu şərəfli missiyanın həyata keçirilməsində daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti hər zaman öz Prezidentinin, Ali Baş Komandanının yanında olacaq, ulu öndərimizin bizlərə əmanət etdiyi müstəqil Azərbaycanın qüdrətlənməsi üçün üzərlərinə düşən məsul vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.
Heydər Əliyev isə Möhtərəm Prezidentimizin vurğuladığı kimi: «Nə qədər ki, müstəqil Azərbaycan mövcuddur, bu dövlətin qurucusu da tariximizdə daim yaşayacaq və əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider örnəyi kimi xatırlanacaqdır!».

Ən son press-relizlər