DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Dövlətimiz vətəndaşının mənafeyinə, hüquqlarının qorunmasına xidmət edir

03.10.2013

Respublikanın daxili işlər naziri, general-polkovni Rramil Usubov sentyabrın 27-də Azərbaycan Dövlət Televiziyasının "Günün nəbzi" proqramına müsahibə vermişdir.Həmin müsahibənin mətnini qısa ixtisarla diqqətinizə çatdırırıq.


         - Cənab nazir, bəzən konkret bir cinayət hadisəsinin ətrafında ümumiləşdirilmiş nəticələr çıxarılır kriminogen durumun ağırlaşdığı iddia olunur. Son vaxtlar belə bəyanatlar səsləndirilir. Siz daxili işlər naziri olaraq Azərbaycandakı kriminogen vəziyyəti necə qiymətləndirirsiniz?

         - Bu gün  Azərbaycanda kriminogen durum tam nəzarət altındadır.  Ümumiyyətlə, ölkəmizdə 1997-ci ildən başlayaraq, digər hüquq-mühafizə orqanları ilə birgə, eləcə də vətəndaşlarımızın yaxından iştirakıyla cinayətkarlığa qarşı uğurlu mübarizə davam edir, bütövlükdə ictimai asayiş etibarlı qorunur.  Deyə bilərəm ki, MDB,  hətta Şərqi Avropa ölkələri ilə müqayisədə  cinayətkarlığın səviyyəsinə görə Azərbaycan yaxşı mənada axırıncı yerdədir. Azərbaycanda hər yüz min nəfərə düşən cinayətlərin sayı  cəmi 250 faktdır. Bu baxımdan, əlbəttə ki, kriminogen durum nəzarətdədir. Konkret faktlarla, rəqəmlərlə desək,  son on ildə Azərbaycanda hər il təqribən 20 minə qədər cinayət hadisəsi baş verib. Bu 20 min cinayətin 90 faizi açılıb. Cinayətlərin tərkibinə baxsaq, ağır və xüsusilə ağır cinayətlər cəmi 10 faiz təşkil edir. Əsasən, yüngül, az ağır cinayətlərin baş verməsi müşahidə olunur. Bu illər ərzində biz professionallığın artırılmasına, əllərdə olan qanunsuz silahların yığılmasına,  cinayətin profilaktikası ilə bağlı vətəndaşlarla lazımi işlərin aparılmasına xüsusi diqqət  yetirmişik.

         Azərbaycanda vətəndaşlarımızın polislə, digər hüquq mühafizə-orqanları ilə əlaqəsini göstərən təkcə bir faktı demək kifayətdir ki, bu gün cinayətlərin  60-70 faizdən çoxu vətəndaşlarımızın da yaxından iştirakı ilə açılır. Əslində,  vətəndaş özü maraqlıdır ki, ölkəmizdə daxili sabitlik, əmin-amanlıq olsun. 

         -Cənab nazirdaha çox aydınlıq olması üçün  hər  ilə 250 cinayət dediniz. Bu normadırmı, ümumiyyətlə, beynəlxalq norma necədir

         - Bilirsiniz, mən ölkələrin adını çəkəndə, bəzi həmkarlarım ola bilir ki, narazı  qalırlar. Konkret ad çəkmədən deyə bilərəm ki, MDB ölkələri, qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı bizdə 40-50 faiz  aşağıdır. 

Amma elə MDB ölkələri var ki, onlarla müqayisədə bizdə 100 min nəfərə düşən cinayətlərin sayı 7-8 dəfə azdır. Hətta Şərqi Avropa, Amerika ölkələrində faizlə yox,  2-10 dəfə fərqlidir.   Kriminogen durum bu vəziyyətdədir. Bunu təkcə daxili işlər naziri kimi mən demirəm,  həm də vətəndaşlarımızın özləri gündəlik həyatlarında görürlər,  həmçinin də Azərbaycana gələn qonaqlar, burada yaşayan səfirlər özləri bunu dəfələrlə vurğulayırlar.  Mən Azərbaycana gələn qonaqları, səfirləri qəbul edirəm. Hətta bir dəfə  Qərbi Avropa ölkələrinin bir neçə səfiri mənə dedi  ki, cənab nazir, biz özümüzü öz ölkəmizin paytaxtından Bakıda  daha təhlükəsiz hiss edirik.   Biz bununla fəxr etməliyik. Eyni zamanda, gələcəkdə də bu əmin-amanlığın, asayişin qorunması üçün əlimizdən gələni etməliyik. Ölkəmizin inkişafı, iqtisadiyyatımızın, sosial problemlərimizin həlli üçün daxili sabitliyin, asayişin olması çox mühüm  şərtlərdən biridir.

         - Cənab nazir, kriminogen durumun belə  yaxşı vəziyyətdə, başqa ölkələrdən, bizə yaxın dövlətlərdən daha sabit olması iki amillə bağlı  ola bilər: Biri sosialiqtisadi vəziyyət, digəri hüquq-mühafizə orqanlarının fəaliyyəti. Sosial-iqtisadi  məsələ ilə bağlı  sonrakı sorğumuzda Sizdən xahiş edəcəyik kicavab verəsinizAmma polis neyləyir, hansı amillər təsir edir ki, kriminogen durumu belə optimal, belə normal vəziyyətdə saxlayırsınız?

         - Bilirsiniz, burada bir çox amillər var, bir çox istiqamətlərdə fəaliyyət göstərmək lazımdır. Əvvəla, polisin cinayətkarlığa qarşı mübarizəsini təşkil etmək üçün birinci növbədə  onun professionallığı artırılmalıdır. Dünyada gedən proseslərdən bilirsiniz ki, kriminal hadisələri törədənlər də getdikcə  təkmilləşirlər,  müasir texniki vasitələrdən istifadə edirlər. Belə deyək ki, onların cinayətkar fəaliyyətində yeni üsul və metodlar mövcuddur. Adekvat tədbirlər hazırlamaq, adekvat tədbirlər görmək  hüquq-mühafizə, konkret halda, daxili işlər orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olmalıdır.  Son 10-15 il ərzində Azərbaycan Polisinin professional hazırlığı çox yüksəlib.  Müasir elmi-texniki vasitələrdən istifadə  yüksək səviyyədədir. Bu gün Azərbaycan Polisi ən müasir texniki vasitələrlə kifayət qədər təmin olunub. Cinayətlərin açılmasında biz  onlardan səmərəli istifadə edirik. Bir misal deyim. Əvvəllər hadisə yerindən əl barmaq izləri götürülürdü, sonra bir ekspert  onu günlərlə, bəzən də həftələrlə   mövcud olan digər əl barmaq izləri ilə müqayisə edirdi. İndi aldığımız sistem 1-2 dəqiqəyə müəyyən edir ki, 30-40 min əl barmaq izinin içində o şəxsin  izi var, ya yoxdur.

         Azərbaycan Polisinin ən müasir texniki vasitələrə malik olması bu gün bir faktdır. Digər tərəfdən,  təbii ki, biz profesionallığın artırılması üçün  xarici ölkələrin təcrübəsindən də geniş istifadə edirik.  Xüsusən də  transmilli cinayətkarlığın  mövcud olduğu  ölkələrlə  təcrübə mübadiləsinə çox böyük önəm veririk. Bildirmək istəyirəm ki,  son 10 ildə MDB məkanında, eyni zamanda, Avropa ölkələrində yüzlərlə əməkdaşımız  kurslar, təlimlər keçib. Bir az da  konkret desəm, 3 minə qədər polis əməkdaşımız xaricdə  kurslarda olub və yaxud da onların yüksək səviyyəli mütəxəsisləri ilə  Azərbaycanda seminarlar, treninqlər, təlimlər təşkil etmişik. Belə təcrübə mübadiləsinin özü də cinayətkarlığa qarşı uğurlu mübarizədə fəaliyyətimizə müsbət təsir göstərir.

         - Cənab nazir, nəzarət kameraları bizdə qədər inkişaf edibcinayətkarlığa qarşı mübarizədə bu Sizə qədər kömək edir?

         - Son 5 ildə Bakı şəhərində 6 minə qədər kamera qoyulub. Artıq biz nəinki Bakı, eyni zamanda,  Sumqayıt və  Gəncə şəhərlərində də «Təhlükəsiz şəhər»  sisteminin tətbiqinə başlamışıq.  Bunlar çox faydalıdır. Həm təhlükəsizliyin təminində,  cinayətkarlığa qarşı mübarizədə, həmçinin yol hərəkəti qaydalarının tənzimlənməsində. Ümumiyyətlə, baş verən və yaxud da baş verə biləcək cinayətlərin müəyyənləşdirilməsində, xüsusən də ictimai yerlərdə- meydanlarda, parklarda, yolların kəsişdiyi yerlərdə nəzarət kameralarının olması çox vacibdir və çox da müsbət nəticələr verir. Elə təkcə son 2 ildə yüzlərlə cinayət məhz həmin  kameraların köməyi ilə açılıb. Özü də başqa hallarda ola bilər ki, sübutların toplanması böyük çətinlik törədir, amma nəzarət kameralarına düşəndə, çəkiliş olanda bu həm bizim işimizi asanlaşdırır, istintaqın işini asanlaşdırır, bəlkə   də məhkəmənin də işini asanlaşdırır.

         - Bu çox  bahalı bir lahiyədir?

         -Bəli, bahalı  lahiyədir, ona  on milyonlarla pul sərf olunur.  Amma bilirsiniz,  vətəndaşlarımızın təhlükəsizliyi, əmin-amanlıq  üçün,  hesab edirəm,   bu lahiyələrə getmək lazımdır. Çünki ən başlıca amil Azərbaycan vətəndaşının təhlükəsizliyininin  qorunmasıdır, əmin-amanlığın qorunmasıdır. Sizin yadınıza gələr, 90-cı illərin əvvəllərində Azərbaycan vətəndaşı hansı təhlükəli anlar yaşayıb, təhlükələrlə  üzləşib?!  Bakıda, rayonlarda  insanlar gün batandan sonra küçəyə çıxa bilmirdilər. İndi tamam başqa bir mənzərədir. Bu gün Azərbaycan vətəndaşları ilə bərabər xarici ölkələrdən gələnlər də ölkəmizdə  olan əmin-amanlığı xüsusi qeyd edirlər. Təəssüflər olsun ki, bəzən özünü müxalifət adlandıran ayrı-ayrı şəxslər respublikada, ümumiyyətlə, heç bir şeyin dəyişmədiyindən, inkişaf etmədiyindən danışırlar. Əlbəttə ki, onlar özləri də bilirlər ki, yalan danışırlar,  həqiqətdən uzaq danışırlar. Adam gərək öz ölkəsinə böhtan atmasın. Əksinə,  fəxr eləsin ki, bu gün əmin-amanlıq var,  Azərbaycan vətəndaşı qorxu içində yaşamır, öz övladını küçəyə buraxanda və yaxud da özü küçədə gəzərkən, hər hansı bir ictimai yerdə istirahət edərkən bilir ki, dövləti onun təhlükəsizliyini təmin edir. Buna sevinmək lazımdır. Hansısa  siyasi məqsəd üçün ondan istifadə etmək cəmiyyətdə  heç kəsə hörmət gətirmir.

         - Bəs bu sabitliyi təmin edən Azərbaycan Polisinin özünün sosial durumu necədir?

         - Sosial məsələlərin həlli son 10-15 ildə hər zaman Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Onu təkcə polislə bağlamaq da, mən hesab edirəm ki, düzgün olmazdı. Yəni konkret olaraq, polisin sosial vəziyyəti, durumu ilə bağlı əgər son 10-15 ili müqayisə etsək, görərik ki,  böyük irəliləyiş var. Son 10 ildə Daxili İşlər Nazirliyi üçün böyük bir hospitalın tikilməsi,  bu illlər ərzində orda yüzlərlə, minlərlə  əməkdaşımızın öz sağlamlığını bərpa etməsi polisə,  onun şəxsi heyətinə olan dövlət qayğısından irəli gəlir. Bizim böyük, çox gözəl bir sanatoriyamız var – «Xəzri» sanatoriyası. Orada yüzlərlə əməkdaş  dincəlir. Ora  mülki insanlar da gedirlər. Hamı da  şəraitdən razılıq edir. Bundan əlavə,  şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması yönümündə  çox böyük işlər görülür. İldə 5-6 rayonda  polis şöbələri, idarələri tikilib təhvil verilir. 10-15 il öncə elə polis şöbələri var idi ki, qışda, ümumiyyətlə, istilik yox idi. Bu gün onların hamısı tamamilə müasir istilik sistemi, fasiləsiz  elektrik enerjisi  ilə təmin olunub. Əməkdaşlarımız çox gözəl, təmiz, işıqlı otaqlarda xidmət aparırlar. Bilirsiniz, polislər sutkanın çoxunu işdə olurlar. Onların şəraiti yaxşı olmalıdır. Dövlətin də siyasəti, bizim də arzumuz odur ki, gələcəkdə şərait daha da yaxşılaşsın. Bu, dayanan proses deyil, işlər davam edir.

         Son 10-15 il bundan əvvəllə müqayisədə məvaciblər  4-5 dəfə artırılıb. Sosial təyinatlı obyektlərin tikintisi,  istifadəyə verilməsi bir faktdır. Polisin xidmətinin, fəaliyyətinin nəticələrinin yaxşı olması üçün ən müasir elmi-texniki vasitələrdən  istifadə  danılmaz həqiqətdir.  «Təhlükəsiz şəhər»,  «102 zəng mərkəzi» fəaliyyət göstərir. Məsələn, «102 zəng mərkəzi»  imkan verdi ki, Azərbaycanda baş verən bütün cinayətlərin qeydiyyatını düzgün aparaq. Bu yaxınlarda mən Qazaxıstanda keçirilən MDB-nin daxili işlər nazirlərinin görüşündə oldum.  Həmkarlarımızla fikir mübadiləsi apardıq. «102 zəng mərkəzi» sisteminin Azərbaycanın bütün ərazisini tamamilə əhatə etməsini qeyd etdim. Onlar da etiraf etdilər ki, həqiqətən də hansısa polis rəisini  cinayəti  gizlətməyə görə  cəzalandırmaqdansa, texniki vasitələrlə bu cinayətin qeydiyyatına nəzarət etmək daha yaxşı və effektlidir. Bu gün tutaq ki, Gədəbəydə, Qazaxda,  hansısa bir ucqar kənddə kiminsə əmlakı oğurlanırsa və o polisə zəng vurursa, fakt dərhal «102 zəng mərkəzi»ndə qeydiyyata alınır.  Artıq yerlərdə bunu gizlətmək mümkün  olmur. Bu cür sistem  imkan verir ki, Azərbaycan  vətəndaşının hüquqlarının pozulması ilə bağlı heç bir fakt gizlin qalmasın, ona polis tərəfindən operativ  reaksiya verilsin. Bu, Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin vətəndaşa olan qayğısından irəli gəlir.

         - Cənab nazir, Daxili Qoşunların sosial təminatı DİN-in başqa qurumlarından fərqlənirmi, yəni onlardan hansısa bir üstünlükləri varmı?

         - Ola bilər ki, bu fikir ya qeyri-obyektiv, yaxud da qeyri-təvazükarlıq kimi səslənsin. Valideyinlərdən, övladları  Daxili Qoşunlarda xidmət edən   vətəndaşlarımızdan xahiş edərdim ki, gedib özləri hərbi hissələrdə yaradılmış şəraitlə tanış olsunlar. Daxili Qoşunların əsgər və zabit yataqxanalarının,  yeməkxanalarının  fəaliyyəti ən yüksək səviyyədədir. Daxili Qoşunlar indi ən müasir texniki vasitələrə malik olan, yüksək professionallığı, dövlətinə, vətəninə sədaqəti ilə seçilən bir quruma çevrilmişdir. Bu da dövlətin   qayğısından irəli gələn bir məsələdir.

         -Ölkədə gənc kadrların bütün sferalara qəbuluna, yəni gənclərlə işə daha çox üstünlük verilir. Polisdə bu nəslin dəyişməsi, gənclərin işə cəlb olunması prosesi necə gedir? Məndə olan məlumata görəson bir ildə 3 minə qədər gənc DİO-da xidmətə  cəlb olunub. Onların bilik səviyyəsi, vərdişləri, işə uyğunlaşmaları Sizi qane edirmi?

         - Polisdə, ümumiyyətlə, bütün qurumlarda belədir ki, təcrübəli  nəsillə bərabər  gənclər də fəaliyyət göstərirlər. Hər il beş yüz, altı  yüz, bəzən min, ötən il daha çox insanın yaş həddi çatdı, çıxdı pensiyaya. Onların yerinə, konkret desək, ötən ilyarım ərzində daha çox gənci daxili işlər orqanlarına, Daxili Qoşunlara götürmüşük. Deyim ki, bilik səviyyəsi, dünyagörüşü ümumən qənaətbəxşdir. Bundan əlavə, bilirsiniz ki, Polis Akademiyasını bitirənlərlə bərabər, ölkənin hüquqşunas hazırlayan digər universitetlərindən də DİO-ya gəncləri götürürük. Mən özüm daxili işlər naziri kimi artıq on ildən çoxdur ki, Bakı Dövlət Universitetinin Hüquq fakultəsində dövlət imtahan komissiyasının sədriyəm. Həmin fakültədə ildə 450-600 arasında hüquqşunas hazırlanır. Onların 100-150 nəfəri çox yüksək səviyyədə, yəni hazırlıqlı görünürlər, cavablar verirlər. Qalanları da orta səviyyədə cavab verirlər. Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin timsalında deyirəm, məzunların  hüquqi bilikləri, hazırlığı məni qane edir, yüksək səviyyədədir. Bəzən deyirlər ki, guya indi oxuyan, təhsilə  diqqət yetirən yoxdur. Amma mən bununla razı ola bilmərəm. Çalışmaq lazımdır ki, təhsilimiz daha yüksək mərhələyə qədəm qoysun, inkişaf eləsin. Biz dayanaq və deyək ki, bununla razıyıq, bu, düzgün olmaz. Amma mövcud olanı  da qaralamaq, ona ləkə gətirmək ədalətsizlikdir. Bu gün Azərbaycan gəncləri savadlıdır. Minlərlə elmli, təhsilli gənclərimiz var. Azərbaycanın  yaşlı nəslini   əvəz edə bilən, hətta ondan da üstün biliyə malik olan gənclərimiz var. Onlar  zaman-zaman təcrübə qazandıqca  gələcəkdə bizim profesionalları, hesab edirəm ki, çox ləyaqətlə, bacarıqla əvəz edəcəklər.

         - Polis Akademiyasına qəbulda da rəqabət çox yüksəkdir, yəni getdikcə bal təlabatı yüksəlir

         - Bəli, polisdə işləmək, xalqına xidmət etmək həvəsi böyükdür. Daxili Qoşunlarda da belədir. Bir vətənpərvər kimi  gənclərimiz məmuniyyətlə polisə və Daxili Qoşunlara  xidmət etməyə gəlirlər. Onların da ən layiqliləri seçilir, öz vətəndaşına,  xalqına xidmət göstərirlər.

         - Polis orqanlarında korrupsiya ilə mübarizə aparılırmı və bu nəticələr nədən ibarətdir, nə qədər effektlidir?

         - Son 5 ildə korrupsiya hallarına qarşı  mübarizə ilə bağlı çox böyük işlər görülüb. Bir tərəfdən daxili nəzarətin gücləndirilməsi, digər tərəfdən Dövlət komissiyasının və korrupsiya hallarına qarşı mübarizə ilə bağlı prokurorluq yanında xüsusi bir qurumun yaradılması bu qəbildəndir. Daxili İşlər Nazirliyi olaraq biz də birinci növbədə vətəndaşlarla ən çox təmasda olan, daha çox korrupsiya halları baş verən  xidmətlərə nəzarəti gücləndirdik. Xüsusən bunu dövlət yol polisinə, pasport xidmətinə aid etmək istəyirəm. Bu gün vətəndaşlarımız özləri də şahid ola bilərlər ki, yollarda korrupsiya 5-10 il bundan əvvəlki həddə deyil. İndi dəfələrlə, 10 dəfələrlə azalıb. Biz daxili nəzarət qaydasında maşınlar buraxırıq, yoxlamalar keçiririk. Nadir hallarda aşkar olunan korrupsiya faktları sənədləşdirilir, daxili təhqiqat aparılır və həmin əməkdaşlar DİO-dan xaric olunurlar. Son 5 ildə korrupsiya ilə bağlı 94  nəfər DİO-dan qovulub-həm zabit, həm də sıravi heyətdən. Bütün bunların hamısı dövlətin korrupsiyaya qarşı barışmaz mübarizə əzmində olduğunu bir daha sübut edir.

         - Cənab nazir, sadaladığınız faktlar elə kriminogen durumun yaxşılaşmağa doğru getdiyini göstərir və bu, başqa ölkələrlə müqayisədə yaxşıdır. Siz ölkədəki real vəziyyəti daha yaxşı, daha yaxından izləmək və təhlil etmək imkanlarına maliksiniz. Kriminogen vəziyyətin dəyişməsində iqtisadi və sosial göstəricilərin təsiri nə qədərdir, sosial sabitlik kriminogen vəziyyətə necə təsir edir? Sosial –iqtisadi proseslər və kriminogen vəziyyətin dəyişməsi, yaxşılaşması. Bu iki prosesin arasında hansısa bir paralel aparmaq imkanı varmı?

         - Sualınıza görə çox sağ olun. Gəlin, elə müstəqillik illərimizin əvvəllərinə, sosial problemlərin daha çox gərgin olduğu dövrə baxaq, ötən əsrin  90-cı illərinin əvvəllərini,  hətta 2000-ci ilə qədərki və ondan sonrakı müddəti  nəzərdən keçirək. Görərik ki, bir tərəfdən Ermənistanın Azərbaycana təcavüzü, 1 milyona qədər qaçqın və köçkünlərimizin mövcudluğu, ərazilərimizin itirilməsi kriminogen duruma öz mənfi təsirini göstərirdi. İkinci bir tərəfdən, yaranmış  kritik şəraitdə o zamankı hakimiyyətin ölkəni  idarə edə bilməməsi  kriminogen durumu daha da gərginləşdirirdi. Mən əvvəldə də dedim, elə bir zaman gəlib yetişdi ki, insanlar küçəyə çıxa bilmirdilər. Ümumiyyətlə, polis, faktiki olaraq, cinayətkarların qarşısında təslim olmuşdu. Hüquq-mühafizə orqanları mübarizə aparmaq iqtidarında deyildi. Bütün bunlar, ictimai-siyasi, sosial vəziyyətin hədsiz gərgin olması kriminogen duruma mənfi təsirini göstərən əsas amillərdən biri idi. İnsanlar bir parça çörək üçün saatlarla növbəyə dururdular. Mənim yadımdadır, Bakının meri məruzə edirdi ki, 2 günlük un ehtiyatımız qalıb. Bu reallıqdır, 90-cı illərin əvvəllərində biz bu günləri, çətinlikləri yaşamışıq. Sosial durumun necə gərgin olmasını polisin, elə özümüzün fəaliyyətimizdə də görmüşük, xalqın içində olan insanlar kimi də bunun şahidiyik.

         - Cinayətkarlığın yayılması üçün iqtisadi zəmin vardı.

         - Şübhəsiz ki, iqtisadi zəmin vardı, yaşayış çətin idi. Ona görə də oğurluqlar da, soyğunçuluqlar və digər cinayət hadisləri də bir çox hallarda  bu zəmində baş verirdi.

         - İşsizlik də cinayət əməllərinin törədilməsinə gətirib çıxarırdı.

         - Bəli, bu da reallıq idi ki, Azərbaycanda 60 faizə qədər adam işsiz idi.  Deyə bilərəm ki, son 10-15 ildə vəziyyət köklü sürətdə dəyişib. Hər birimiz, vəzifəsindən asılı olmayaraq, bir Azərbaycan vətəndaşı kimi bu gün fəxr edirik ki, həm Bakıda, həm də regionlarımızda yeni məktəblər, tibb müəssisələri tikilir, yollar çəkilir. Məsələn, mən konkret olaraq, belə bir göstəricini sizin,elə tamaşaçıların da diqqətinə çatdırmaq istəyirəm. İl ərzində vətəndaşlarımız tərəfindən ölkəyə 70-80 min avtomaşın alınıb gətirilir. Son 10 ildə 730 min Azərbaycan vətəndaşı avtomaşın alıb. Özü də 2003-cü ildən 2008-ci ilə qədər qiyməti 10 min manata qədər olan avtomaşınlar üstünlük təşkil edirdisə,  2008-ci  ildən üzü bu yana daha bahalı, qiyməti 10-15 min manatdan yuxarı olanları   gətirilir. Bəzən deyirlər ki, bunlar oliqarxların, dövlət məmurlarının maşınları, evləridir. Tutaq ki, 10 mini, 20 mini, onların dedikləri kimi, varlı adamlarındır. Bəs, qalanları kimindir? Bu illərdə 700 min Azərbaycan vətəndaşı  avtomobil  sahibi olub və buna da sevinmək lazımdır.

         - Təkcə 700 min 2003-cü ildən sonra olub. Amma ona qədər alınanlar da qalıb.

         - Ona qədər olanlar qalıb, bəli. 490 min vardı,  amma indi bir milyon üç yüz minə yaxınlaşıb. Bunlar son 10 ildə Azərbaycan vətəndaşı tərəfindən alınan maşınlardır. Bundan əlavə, qaçqın və məcburi köçkünlərin vəziyyəti mənim yaxşı yadımdadır. Sabirabadda məskunlaşan qaçqınların görüşünə   tez-tez gedirdim. Ordakı şəraitə, o çadır şəhərciyinə baxanda adamın ürəyi ağrıyırdı. Pis  şəraitdə yaşayırdılar. Son 10 ildə 60-dan çox şəhərcik salınıb,  müasir tələblərə cavab verən binalar tikilib, qaçqın və məcburi köçkün olan vətəndaşlarımız köçüb  rahat  yaşayırlar. Onların  uşaqları üçün 30-a qədər məktəb tikilib, 20-dən çox tibb müəssisəsi istifadəyə verilib. Sosial problemlərinin həlli ilə bağlı görülən işlərin də  hamısı göz qabağındadır.

          Əmlak məsələləri üzrə Dövlət Komitəsindən bir rəqəmi də götürmüşəm, istəyirəm, onu da sizin və tamaşaçlarımızın diqqətinə çatdırım. Məsələn, son 10 ildə Azərbaycan vətəndaşlarının tikdirdiyi 175 min fərdi ev qeydiyyata alınıb. Hələ  dedilər ki, bu rəqəm qeydiyyata götürülməli olan, tikilən evlərin yarısıdır. Təsəvvürünüzə gətirin, son 10 ildə  təqribən 250-300 minə yaxın fərdi ev tikilib. 200 mindən çox vətəndaşımız alqı-satqı yolu ilə ev alıb. Üst-üstə son 10 ildə 500 mindən çox Azərbaycan vətəndaşı özünə ev tikib və yaxud da alıb. Buna sevinmək lazımdır. Bu bir daha onu göstərir ki,  Azərbaycan vətəndaşının  sosial vəziyyəti, yaşayış tərzi getdikcə daha yüksək səviyyəyə qalxır. Təbii ki, bütün bunlar dövlətin sosial problemlərin həlli siyasətinə real nümunədir.

         - Cənab nazir, iş yerlərinin açılması, yoxsulluğun azaldılması kriminogen duruma necə təsir edir?

         - Bu evlər özü-özünə, elə-belə tikilmir. Burada vətəndaşlarımız işləyirlər.  Əlbəttə ki, bu gün işsizliyin minimum həddə endirilməsi, 1 milyon 200 mindən çox iş yerinin açılması da kriminogen duruma təsir edir. Bəzən çıxışlar olur,  həqiqətə uyğun olmayan, reallıqdan tam uzaq, yalnız siyasi konyuktura xatirinə deyilmiş fikirlər səsləndirilir, cəmiyyəti müəyyən dərəcədə səhv yola salmağa cəhd göstərilir. Guya Azərbaycanda demokratiya yoxdur, guya hamı ac-yalavacdır, vəziyyət gərgindir və s. Axı bu, qətiyyən reallığı əks etdirmir. Sadaladığım   rəqəmlər də sübut edir ki, Azərbaycanda çox sürətli, davamlı  inkişaf var. Bu gün  biz bununla fəxr etməliyik, sevinməliyik ki, vətənimiz inkişaf edir, vətəndaşlarımızın həyat şəraiti günbəgün yaxşılaşır.

         - Cənab nazir, Siz transmilli cinayətkarlıqdan da danışdınız. Bir müddət əvvəl qonşu olkələrdən olan cinayətkarlar Azərbaycanda cinayət törətməyə meylli idilər. Ev oğruları meydana gəlmişdi. Yəqin ki, bu da ölkədəki real vəziyyətə uyğundur ki, cinayətkarlar ona görə də bura axın edirlər. Bunun qarşısı alındımı? İndi vəziyyət necədir?

         - Bu gün başqa ölkələrlə əlaqəli olan cinayətkarların Azərbaycanda fəaliyyət göstərməsi üçün faktiki olaraq, heç bir münbit şərait yoxdur. Azərbaycan onlar üçün elə bir məkan deyil ki, burada öz cinayət əməllərini sərbəst davam etdirsinlər. Bir faktı demək istəyirəm. Hərdənbir yazırlar: «Qanuni oğru» belə elədi, «qanuni oğru» elə elədi. Azərbaycanda bu gün «qanunda oğru» yoxdur. «Qanunda oğru» ya həbsxanadadır, ya da ölkəmizdən  kənardadır. Azərbaycanda oğru qanunları yox, dövlətin qanunları işləyir. Və belə də olacaq. Çünki Azərbaycan dövlətinin, Azərbaycanın müstəqilliyinin banisi olan ulu öndər Heydər Əliyev qanunların aliliyinə söykənən elə bir təməl üzərində dövlət qurub ki, bu ənənə bu gün də yaşayır və inanıram ki, gələcəkdə də yaşayacaqdır. Ona görə yaşayacaqdır ki, həyata keçirilən bütün tədbirlər Azərbaycan xalqının,  Azərbaycan vətəndaşlarının mənafeyinə, hüquqlarının qorunmasına, onun gələcək firavanlığına və xoşbəxt həyatına  xidmət edir. 

         Vətəndaşın əsas narazılığı nədən ola bilər? Yaşayışdan, həyat şəraitindən, daha çox təhlükəsizlikdən. Təhlükəsizlik isə dövlətin rəhbərliyi, dövlətin başçısı tərəfindən təmin edilir. Mən  xalqımıza minnətdarlığımı bildirmək istəyirəm ki, milli mentalitetimiz də kriminogen duruma öz müsbət təsirini göstərir. Bilirsiniz, bizdə kütləvi alkoqolizm, kütləvi narkomanlıq, mənəviyyatla bağlı cinayətlər azdır. Özü də bizim insanlar, valideynlər hətta, deyək ki, 20 yaşında, 30 yaşında olan övladını  belə tərbiyə etməyi özünə borc bilir.

Bütün bunların hamısı hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə birləşəndə cəmiyyətdə belə gözəl ab-hava yaranır.

         - Cənab nazir, ötən bazar günü müxalifət partiyalarının mitinqində aparıcı bəyan etdi ki, polis tədbirə mane olmaq üçün “İnşaatçılar” metrosunun ətrafında kardon yaradıb. Bu nə qədər həqiqətə uyğundur?

         - Bu müxalifətin hələ indiyə qədər həqiqətə uyğun olan bir fikrini görmədim. Bilirsiniz, həmin anlar, həmin o yerdə, həmin səsləndirilən küçədə, metronun yanında çəkiliş gedib. Mən elə sizi də, o Milli Şuranın üzvlərini də dəvət edirəm, gəlib  çəkilişlərə baxın. Həmin vaxt orada hansı polis kardonu olub? Heç biri olmayıb. Sadəcə, yalan danışmaq onlarda vərdiş halını alıb. İctimai rəyi çaşdırmaq, xaricdən bunları dəstəkləyən adamları aldatmaq üçün belə metodlara əl atırlar. Onları dəstəkləyənlər, istəyənlər azdır deyə,  görün neyləyirlər. İnsanlar harada çoxdursa, orada-parklarda, meydanlarda cəhd edirlər ki, 200-300 adam  qarışıqlıq salsın, sonra da desinlər ki, qoymadılar, polis imkan vermədi. Keçən dəfə özünüz də gördünüz, onların ətrafına toplaşanların sayı 2-3 mindən artıq olmur. Bu say azlığını, necə deyərlər, polislə bağlamaq, polisi günahlandırmaq  ədalətsizlikdir.

         - Amma yəqin ki, belə aksiyalar zamanı, kimin keçirməsindən asılı olmayaraq, rejim gücləndirilir, polisin o sahədə sayı artırılır.

         - Biz hər zaman gərgin iş rejimi ilə fəaliyyət göstəririk, işləyirik və heç vaxt da  arxayınçılığa yol vermirik. Çünki polis həmişə sayıq olmalıdır.  Amma ölkədə böyük bir ictimai tədbir, xüsusən prezident seçkiləri öncəsi polis gərgin iş rejimində fəaliyyət göstərir. Bəli, bu gün istər iqtidar, istərsə müxalifət nümayəndəsinin keçirdiyi görüşlərin, mitinqlərin hamısında ictimai asayiş qorunur, təhlükəsizlik təmin edilir və ediləcəkdir. Bu da birmənalı başa düşülməlidir ki, kimliyindən,  hansı partiya üzvü olmasından asılı olmayaraq,  asayişi  pozan məsuliyyət daşımalıdır. Qanunu pozan qanun qarşısında məsuliyyət daşımalıdır. Burda artıq siyasi mənsubiyyətinə görə yanaşma düzgün deyil. Və biz də xidməti fəaliyyətimizdə  qanunun aliliyini  əsas tuturuq.

         - Cənab nazir, belə bir məlumat aldım ki, bəzi müxalifət namizədlərinin plakatlarının cırılması ilə də bağlı araşdırmalar aparılıb. Səhv etmirəmsə, belə bir məlumat var?

         - Bəzən belə hadisələr olur. Kiminsə kimdənsə xoşu gəlmir və yaxud da kimisə istəmir. Bunun sivil yolu var.

Get seçki məntəqəsinə, istədiyin adama səs ver, bununla da məsələ bitsin. Amma görürsən ki, gəncdir, başa düşmür və yaxud da öyrədilmiş adamdır, gedib namizədlərdən kiminsə şəklini cırır. Belə hallar olur.

         - Polis bunu da araşdırmalıdır.

         - Birincisi, belə hərəkətlər prezidentliyə  namizədlərin hüququnu  pozur. Axı bu təbliğatdır, təbliğatın bir növüdür. Plakatı niyə cırmalıdırlar? Belə olanda da təbii ki, polis qarşısını alır. İstər iqtidar nümayəndəsinin şəkli olsun, istər müxalifət nümayəndəsinin. Yəni bu halların qarşısı alınıb, alınacaq da.

         -Seçki ab-havası ilə bağlı bizdə iki fikir var. Bir fikir var ki, hər şey qanun çərçivəsində, normal, sakit öz məntiqi sonluğuna doğru gedir. Bir fikir də var ki, seçki ab-havası yoxdur. Bu əsl elə daxili işlər nazirinə ünvanlanası sualdır. Seçki ilə, seçki ab-havası ilə bağlı Sizin baxışınız necədir?

         -Hesab edirəm ki, təbliğat da gedir, yerlər də  ayırılıb. Bilirsiniz ki, Bakı şəhərinin bütün rayonlarında həm açıq, həm də qapalı yerlərdə görüşlər keçirmək, mitinqlər təşkil etmək, eyni zamanda, respublikamızın rayonlarının hər birində həm görüşlər, həm mitinqlər keçirmək üçün yüksək şərait yaradılıb. Bayaq dediyim kimi, bu tədbirlərdə təhlükəsizliyin qorunması təmin edilir. Mən buna normal proses kimi baxıram. Amma açığı deyim ki,  yazılanlardan belə başa düşürəm ki, bəziləri-Milli Şuranın üzvləri  və  onları  dəstəkləyənlər  düşünürlər ki, seçki öncəsi dövr nümayişlərnən, mitinqlərnən müşayiət olunsa, polis-vətəndaş qarşıdurması, toqquşmalar yaransa, bu, guya daha demokratikdir, seçki ab-havasına uyğundur. Kökündən yanlış  fikirdir, Azərbaycanın daxilində sabitliyi pozmağa olan cəhdlərdir. Onlar bilməlidirlər ki, belə cəhdlərin  qarşısı alınıbdır, alınacaqdır. Özü də bu yalnız dövlətin   güc qurumlarının hesabına deyil, həmçinin Azərbaycan vətəndaşının hesabına, onun bu hərəkətlərə, hadisələrə olan düzgün münasibətinin hesabına belə halların qarşısı alınıb və bundan sonra da qətiyyətlə alınacaqdır. Xalqın tam əksəriyyəti Azərbaycanda daxili sabitliyin, əmin-amanlığın, inkişafın tərəfdarıdır. Kimlər ki, bu sabitliyi pozmaq, xaos yaratmaq istəyir, onlar azlıq təşkil edirlər və belələrini də mən qanuna dəvət edirəm. Qanun hər bir insan üçün ali olmalıdır.

         - Cənab nazir, bu gün hamı bu mövzu ətrafında  danışır. Seçki ilə bağlı polis orqanlarının üzərinə hansı vəzifələr  düşür?

         -Sualın bir hissəsinə mən artıq cavab verdim. Həmin gün polisin vəzifəsi  seçki məntəqələrindən 100 metr kənarda asayişin qorunmasına nəzarət etmək, təhlükəsizliyi təmin etməkdir. Yalnız məntəqə rəhbərliyinin birgə müraciəti olarsa, polis naryadı ora yaxınlaşa bilər. Polislər asayişi təmin edib, dərhal da oranı tərk etməlidirlər.

         Mərkəzi Aparatın  təcrübəli əməkdaşları bütün regionlara gedib, şəxsi heyətlə görüşlər keçirib, onları kifayət qədər təlimatlandırıblar. On beş  mindən çox əməkdaşımız seçkidə asayişin  qorunmasına cəlb olunub.

         Polisin digər bir vəzifəsi isə səs vermək hüququ olan  insanları şəxsiyyəti təsdiq edən sənədlərlə təmin etməkdir. Bu işə də biz artıq ilin əvvəlindən başlamışıq. Çox az, yəni 10-15 min adam qalıb ki, vəsiqəni, lazımı sənədləri almayıb. Biz hətta sənədlərin alınması üçün səyyar qruplar təşkil edib ucqar kəndlərə də göndəririk ki, xəstə olanlara,  polisə gələ bilməyənlərə  yerindəcə xidmət göstərilsin. Eyni zamanda, dövlətimizin yaratdığı, mobil və operativ fəaliyyət göstərən “Asan xidmət” də bu işə öz töhfəsini verir. Ümummiyyətlə,  bütün tədbirlər görülüb ki, seçkidə asayiş qorunsun, təhlükəsizlik təmin olunsun, vətəndaşlarımız normal şəkildə öz istədiyi insana, layiqli namizədə səsini versinlər.

Ən son press-relizlər