DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazovun "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair" illik hesabatı

06.04.2015

Aprelin 3-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov geniş və ətraflı məruzə ilə çıxış edib.

Həmin hesabatın mətnini nəzərinizə çatdırırıq.

Hörmətli cənab Sədr!
Hörmətli millət vəkilləri!

Müasir dövrün transmilli təhdidlərindən olan insan alverinin ictimai təhlükəliliyi, kriminal biznesin ən gəlirli növlərindən olması, şəxsiyyətin hüquq və azadlıqlarını kobud şəkildə pozması baxımından,  bu sahədə əks tədbirlər 2014-cü ildə də ardıcıllıqla davam etmişdir.
Birləmiş Millətlər Təşkilatının ötən ilki hesabatına görə, hər il, üçdən biri uşaqlar olmaqla 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir. Onların 53 faizi cinsi istismara, 40 faizi məcburi əməyə, 7 faizi orqan transplantasiyasına və digər məqsədlərlə alqı-satqıya məruz qalır.
Eyni zamanda, son 3 ildə insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqının aparılması, 15 minə yaxın şəxsin məhkum edilməsi, 133 min qurbanın hüquqlarının bərpa olunması - dünyada insan alverinin qarşısının alınması istiqamətində həyata keçirilən mühüm tədbirlər kimi qeyd edilir.

Hər bir şəxsin hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etmiş Azərbaycan - tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutaraq insan alverinə qarşı mübarizədə qanunvericiliyin və onun tətbiqi praktikasının təkmilləşdirilməsi, aidiyyəti dövlət qurumlarının səmərəli qarşılıqlı fəaliyyətinin təmin olunması, maarifləndirmə tədbirlərini və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı yüksək səviyyədə təşkil etməkdə israrlı mövqeyini 2014-cü ildə də ortaya qoymuşdur.
Bunun əyani təsdiqi olaraq Dövlət Başçısının Sərəncamı ilə 2014-2018-ci illər üzrə sayca üçüncü Milli Fəaliyyət Planı qəbul edilmişdir. Yeni Fəaliyyət Planının icrasına,  əlavə olaraq - Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, Dövlət Mülki Aviasiya Administrasiyası, Dövlət Dəniz Administrasiyası, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Сəmiyyəti, Mətbuat Şurası, yerli icra hakimiyyəti orqanları, bütövlükdə 27 dövlət qurumu cəlb olunmuşdur.
Milli qanunvericiliyin, beynəlxalq konvensiyaların tələblərinin, aidiyyəti nazirlik, komitə və xidmətlərin rəy və təkliflərinin, eləcə də qeyri-hökumət təşkilatlarının tövsiyələrinin əksini tapdığı bu konseptual sənədin 2014-cü ili əhatə edən bütün tədbirləri yerinə yetirilmişdir.

İlk növbədə qeyd edim ki, əlaqədar qanunvericilik aktlarının beynəlxalq müqavilələrə uyğunlaşdırılması tədbirləri çərçivəsində, "İnsan alverinə qarşı mübarizə haqqında" Qanuna - həmin cinayətlərin qurbanı olmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə hüdudlarından kənara çıxarılması mexanizmlərini tənzimləyən norma əlavə edilmişdir.
Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) müvafiq Konvensiyadan irəli gələn öhdəliklərin icrasına dair hökumətə təqdim etdiyi hesabatda əksini tapan, o cümlədən cinayət təqibi, qurbanlara yardım, kompensasiya və reabilitasiya məsələlərinə dair tövsiyələri də planlı surətdə icra olunmuşdur.
Bununla əlaqədar, Nazirlər Kabineti tərəfindən "İnsan alveri qurbanlarının repatriasiya Qaydaları"nda dəyişikliklər edilmişdir.
Habelə "İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram", "Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi" təsdiqlənmişdir.
Uşaqların insan alveri təhlükəsindən müdafiəsinin gücləndirilməsi məqsədilə - Əmək və Ailə məcəllələrinə, "Sosial müavinətlər haqqında", "Uşaq hüquqları haqqında", "Telekommunikasiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında" qanunlara dəyişikliklər edilməsi barədə təkliflər paketi hazırlanıb aidiyyəti üzrə təqdim olunmuşdur.

Qarşıda duran vəzifələrdən biri də insan alveri probleminin mahiyyəti və təhlükəli nəticələri, həmin cinayətlərdən müdafiənin inzibati və hüquqi prosedurları haqqında risk qrupuna aid sosial təbəqələrin məlumatlılığının artırılması olmuşdur. Bu istiqamətdə Daxili İşlər və Təhsil nazirlikləri, İnsan Alverinə qarşı Qeyri-hökumət təşkilatları Koalisiyası, Ombudsman aparatı tərəfindən respublikanın  85 ali və orta-ixtisas təhsil müəssisəsində maarifləndirmə tədbirləri keçirilmişdir. O cümlədən ölkənin bütün regionlarında insan alveri, uşaq əməyi, məişət zorakılığı və sair mövzularda dəyirmi masalar, seminarlar, müsabiqələr və ictimai dinləmələr təşkil edilmişdir.
İnsan alverinə qarşı mübarizənin 10 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində, gənclər və yeniyetmələr arasında idman yarışları, rəsm və qısametraclı film müsabiqələri, teatr tamaşaları, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmişdir.

İnsan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi sahəsində peşəkarlığın artırılması məqsədilə - Beynəlxalq Miqrasiya Təşkilatının, Avropa İttifaqının, Türkiyə Respublikası polis orqanlarının, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, Ombudsman təsisatının dəstəyi ilə - xüsusi polis qurumunun əməkdaşları 40-a yaxın seminar, konfrans və təlimdə iştirak etmişlər.
Daxili İşlər Nazirliyinin və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən 2014-cü ilin yanvar-may aylarında Mingəçevir, Quba, Lənkəran, Tərtər şəhər və rayonlarında - qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, xarici dövlətlərin ölkəmizdəki səfirlik və konsulluqlarının işçiləri, əmək müfəttişləri, həmkarlar ittifaqlarının üzvləri üçün təlimlər və seminarlar keçirilmişdir.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına xüsusi proqram əsasında - insan alverinin və qeyri-leqal məşğulluğun qarşısının alınmasını tənzimləyən beynəlxalq hüquq normaları, milli qanunvericilik aktları və bu növ hüquqazidd əməllərin aşkarlanmasının taktiki əsasları tədris  olunmuşdur.
Gömrük orqanlarında xidmətə yeni qəbul edilmiş əməkdaşlar üçün "İnsan alverinin qarşısının alınması" mövzusunda treninqlər təşkil edilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram" formatında - təlimlər, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətlərinin və otellərin işçilərinə məqsədli treninqlər keçirilmiş, əyani vəsaitlər paylanmışdır.
Görülən işlər və əldə edilən nəticələr müxtəlif telekanallarda və mətbu orqanlarında işıqlandırılmış,  elektron informasiya agentliklərinin və xüsusi polis qurumunun veb saytına yerləşdirilmişdir.

Hörmətli millət vəkilləri!

İnsan alverinə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etməsi baxımından - xarici dövlətlərin, o cümlədən təyinat və mənbə ölkələrin aidiyyəti orqanları və müvafiq beynəlxalq təşkilatlar ilə sözügedən problemin öyrənilməsi, məlumat toplanılması, səmərəli təcrübə mübadiləsi, ümumən əməkdaşlığın gücləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılmışdır.
2014-cü ildə Qətər Dövləti ilə təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair Saziş imzalanmış, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri ilə insan alverinə qarşı mübarizənin müqavilə-hüquq bazasının möhkəmləndirilməsi üzrə müvafiq tədbirlər görülmüşdür.
Mütəmadi olaraq BMT-nin, ATƏT-in ekspertləri, Amerika Birləşmiş Ştatlarının hüquq mühafizə orqanlarının rəhbər işçiləri, həmçinin bu ölkənin və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

ATƏT-in Bakıdakı Layihə Əlaqələndiricisinin hazırladığı «Azərbaycanda insan alverinin qarşısının alınması mexanizmlərinin səmərəli həyata keçirilməsinin dəstəklənməsi» adlı layihə hökumət tərəfindən müsbət dəyərləndirilmiş və 2014-cü ilin ikinci yarısından  icrasına başlanılmışdır. Layihə çərçivəsində ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi cari ilin mart ayında ölkəmizdə olmuşdur.
Xüsusi polis qurumunun, eləcə də digər dövlət orqanlarının əməkdaşları beynəlxalq təşkilatların həyata keçirdikləri layihələr formatında - Amerika Birləşmiş Ştatlarında, Fransa, Avstriya, Polşa, Litva, Macarıstan, Bosniya və Herseqovina, Rusiya, Belarus və Ukraynada təcrübə mübadiləsinə, həmçinin təlimçi qismində tədris kurslarına cəlb edilmişlər.  
Sosial və iqtisadi səbəblərin doğurduğu məcburi əməyin qarşısının alınması, onun qurbanlarının müəyyən edilməsi də əsas vəzifələrdən olmuşdur.

Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Dövlət Miqrasiya Xidməti tərəfindən paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında yerləşən tikinti sahələrində və istehsal müəssisələrində əmək miqrasiyasına nəzarət çərçivəsində keçirilmiş tədbirlərlə 4 məcburi əmək cinayəti, 164 inzibati xəta aşkarlanmış, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 2543 əcnəbi deportasiya edilmişdir.
Bundan əlavə, valideyn himayəsindən kənarda qalmış uşaqların insan alverinin qurbanına, sui-istifadə obyektinə çevrilməsinin qabaqlanması tədbirlərinə də böyük önəm verilmişdir.                           
Ərazi polis orqanlarının keçirdiyi reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 502 azyaşlı müəyyən edilmiş və aparılmış yoxlamalarla həmin uşaqların  insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməmişdir.
Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən  220 valideyn barəsində qanunla müəyyən edilmiş tədbirlər görülmüşdür.

Eyni zamanda, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə - övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 272 uşağın yaşayış şəraitinin monitorinqi aparılmış, ehtiyacı olan ailələrə ünvanlı sosial yardım və digər müavinətlər təyin  edilmişdir.
Həmçinin, dövlət uşaq müəssisələrində yaşayan 47 azyaşlı şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmuşdur.
Xüsusi qeyd edilməlidir ki, potensial qurbanların insan alveri riskindən müdafiəsində Heydər Əliyev Fondunun böyük əməyi və əhəmiyyətli töhfələri olmuşdur. Fond tərəfindən - yetkinlik yaşına çatmış kimsəsiz qızlar üçün 50 nəfərlik 25 mənzilli bina tikilmiş, eləcə də valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan uşaq evlərinin məzunları üçün 120 mənzilli bina inşa edilərək istismara verilmişdir.
Uşaqlara qarşı törədilən bütün növ cinayətlərin və digər hüquqpozmaların, o cümlədən uşaq alveri, onların istismarı,  küçə əməyi və dilənçilik hallarının təhlili və bu sahədə görülən işlərin qiymətləndirilməsi məqsədilə - BMT-nin və Avropa Şurasının insan hüquqlarının müdafiəsi institutlarının tövsiyələri də nəzərə alınmaqla müasir informasiya bazası yaradılmış, yeni statistik hesabat formaları hazırlanmışdır.

Ötən il həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2013-cü illə müqayisədə 21 faiz çox və ya 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanmışdır.
Bu əməllərə görə 26 nəfər (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilmiş, 9 mütəşəkkil dəstə və qrup zərərsizləşdirilmişdir.
Müəyyən edilmiş 54 qurbandan (51 qadın, 3 kişi) 37-si Türkiyə Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılmış, 3 əcnəbi ölkə daxilində istismara məruz qalmışdır (Rusiya Federasiyasının iki, Çin Xalq Respublikasının bir vətəndaşı). Qurbanlardan 38-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilmiş, təhlükəsizliyi təmin olunmuşdur.
Bütövlükdə 54 qurbana birdəfəlik müavinət verilmiş, 40-na Kömək Fondu tərəfindən maddi yardım göstərilmiş, 24-ü işlə təmin edilmiş, 30-u peşə kurslarına göndərilmişdir.
Həyata keçirilmiş profilaktik tədbirlərlə 34 qurban ailəsinə qayıtmış, 36 qurban qeyri-hökumət təşkilatlarının himayəsinə verilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 28 qurbana hüquqi və psixoloci yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi müəssisələrində 43 qurbana tibbi xidmət göstərilmişdir. Sığınacağa yerləşdirilmiş qurbanların himayəsində olan 16 azyaşlı məktəbdənkənar təhsil proqramına cəlb edilmişdir.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlərə dair "Qaynar xətt"ə daxil olmuş 13 mindən çox müraciətə baxılaraq hər biri üzrə qanunvericiliyə uyğun tədbir görülmüşdür.  Eyni zamanda, xarici dövlətlərdə işləməklə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan təkliflər araşdırılmışdır.

İnsan alveri yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması hallarının müəyyən olunması məqsədilə, müvafiq cinayətlərdə təqsirləndirilən bütün şəxslər barəsində Mərkəzi Bank yanında Maliyyə Monitorinqi xidməti tərəfindən zəruri araşdırmalar aparılmış, şübhəli maliyyə əməliyyatlarına dair məlumatlar Baş Prokurorluğa təqdim edilmişdir.  

Hörmətli cənab Sədr!
Hörmətli millət vəkilləri!


Artıq 10 ildən çoxdur ki, Azərbaycan beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Milli maraqlar baxımından bu işə daim həssaslıqla yanaşılmış, qarşıda duran vəzifələr sistemli şəkildə yerinə yetirilmişdir.
Həmin müddətdə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 681 insan alveri və məcburi əmək faktı aşkarlanmışdır.
Bu cinayətlərə görə 85%-i (347-i) qadın və 15%-i (61-i) kişi olmaqla 408 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, habelə 167 cinayətkar qrup və mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Təhlil göstərir ki, müvafiq  cinayətlər, əsasən aldatma yolu ilə, təsir imkanlarından və ya şəxsin köməksiz vəziyyətindən sui-istifadə etməklə törədilmişdir.
Müəyyən edilmiş 583 qurbanın 90%-i cinsi istismara, 10%-i məcburi əməyə məruz qalmışdır. Onlardan 3.6%-i (21-i) uşaq, 96.3%-i (562-si) yetkinlik yaşına çatmış şəxs  olmuşdur.

İnsan alveri və məcburi əmək faktları baxımından Azərbaycan əsasən mənşə, bəzi hallarda isə təyinat ölkəsi olmaqla - qurbanların 94%-i xarici dövlətlərə aparılmış, 6%-i isə ölkə daxilində istismara məruz qalmışdır.
İnsan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında 500-dən çox mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilmişdir.

Məlumat üçün diqqətə çatdırım ki, İnsan alverinə qarşı mübarizə üzrə 2009-2013-cü illər üçün Milli Fəaliyyət Planının icra vəziyyəti Prezident nəzarəti qaydasında yoxlanılaraq yüksək qiymətləndirilmişdir.  
Əldə edilən nəticələr, həm də bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası Konvensiyasının Tərəflər Komitəsinin Azərbaycan üzrə ötən ilki hesabatında müsbət dəyərləndirilmişdir.
Belə ki, normativ hüquqi bazanın, qurbanların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və maarifləndirmə tədbirləri sahəsində görülən işlər, Milli Koordinator yanında İşçi Qrupun və xüsusi polis qurumunun fəaliyyəti təqdirəlayiq hesab edilmişdir. Bu gün, müvafiq sahədə Azərbaycanın təcrübəsi bir çox dövlətlərin əlaqədar qurumlarının diqqət mərkəzindədir.

Bütün bunlarla bərabər, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin səmərəli icrası, o cümlədən insan alverinə qarşı mübarizədə fəaliyyətin daha da gücləndirilməsi, həmin cinayətlərin profilaktikası, qurbanların müdafiəsi, təbliğat və maarifləndirmə işlərinin məqsədyönlü təşkili, Azərbaycan Respublikasının qanunlarına, Dövlət Başçısının fərman və sərəncamlarına, ölkəmizin öhdəliklərinə uyğun maksimum səylərlə cari ildə də davam etdiriləcəkdir.
Çıxışımın sonunda, bu mühüm sahədə dövlət siyasətinin milli və beynəlxalq səviyyədə həyata keçirilməsində yaxından köməkliyinizə, ümumi işimizə böyük fayda gətirən əməkdaşlıq münasibətinizə görə, hörmətli millət vəkilləri, Sizə, həmçinin vətəndaş cəmiyyəti institutlarının və milli mediamızın nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm.


Diqqətinizə görə sağ olun!   
 

Ən son press-relizlər