İnsan alveri cinayətlərinin istintaqı mövzusunda seminar

12.03.2012

Martın 12-də DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində polis zabitləri üçün insan alveri cinayətlərinin istintaqı mövzusunda seminar keçirilmişdir. Seminarda ekspert qismində ABŞ-ın Ədliyyə Departamentinin, bu ölkənin Azərbaycandakı səfirliyinin və Amerika Hüquqşunaslar Assosiyasiyasının əməkdaşları da iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Respublika Hüquqşünaslar Konfedrasiyasının sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli bildirmişdir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda bir çox hüquqi islahatlar keçirilmiş, beynəlxalq təşkilatlar qarşısında mühüm öhdəliklər götürülmüşdür. 2000-ci ildə ölkəmizin Avropa Şurasının İnsan alverinə qarşı Konvensiyasına qoşulduğunu vurğulayan millət vəkili həyata keçirilən tədbirlərin, mütərəqqi hüquqi təcrübədən yararlanmanın insan hüquqlarının müdafiəsində və qorunmasında dönüş yaradacağını demiş, qarşıya çıxan problemlərin həllində vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirmişdir.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev insan alveri cinayətinin bu gün dünyada narkotiklə mübarizə, silah qaçaqmalçılığı, insan orqan və toxumalarının tarnsplantasiyasından daha təhlükəli olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2006-ci ildə İAQMİ-nin yaranmasından sonra cinayətkarlığın bu növü ilə mübarizənin gücləndiyini, hətta region ölkələrində rast gəlinməyən bir çox tədbirlərin həyata keçirildiyini, buna misal olaraq, insan alveri qurbanlarına sığınacaqların yaradıldığını, onlara birdəfəlik pul müavinətlərinin ayrıldığını nəzərə çatdırmışdır.
Ekspert Robert Stir dünyada insan alverinin hər il təxminən 9 milyard dollar gəlir gətirdiyini və qurbanlar sırasında iqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrin vətəndaşlarının çoxluq təşkil etdiyini, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası İcraiyyə Komitəsinin sədri  Sahib Məmmədov isə hazırda dünyada 12,3 milyon şəxsin məcburi əməyin qurbanı olduğunu, 270 milyon uşağın məcburi əməkdən əziyyət çəkdiyini diqqətə çatdırmışdır.

Ekspertlər tərəfindən tərtib olunmuş və insan alveri cinayətinin müxtəlif formalarını özündə əks etdirən testlərin, məntiqi sualların qarşılıqlı şəkildə cavablandırılmasının nəticələrini müsbət qiymətləndirən ekspert Erik Peterson bildirmişdir ki, bu istiqamətdə Azərbaycanın hüququ-mühafizə orqnlarının təcrübəsi örnəkdir.
Seminarın sonunda iştirakçılara sertifikatlar verilmişdir.

Ən son press-relizlər