Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Ümumi müddəalar


1.1. Vətəndaşların müraciətlərinə baxılması Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi və müdafiəsi  sahəsində dövlət orqanlarının qarşısında qoyulmuş vəzifələrdən biridir.     

1.2. Bu Təlimat  Azərbaycan Respublikası Konstitusiyası, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, digər qanunvericilik və Daxili İşlər Nazirliyinin normativ-hüquqi aktlarına uyğun hazırlanmaqla daxili işlər orqanlarında və daxili qoşunlarda vətəndaşların müraciətlərinə baxılması qaydalarını müəyyən edir.

1.3. Daxili işlər orqanlarının rəhbərləri:     

1.3.1. Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən edilmiş qaydada vətəndaşların daxili işlər orqanlarına yazılı və şifahi formada müraciət etmək, habelə vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsinə  müvafiq  şərait yaradılmasını təmin etməlidirlər;

1.3.2. Vətəndaşların təklif, ərizə və şikayətlərini bu Təlimatla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməli, səlahiyyətləri üzrə baxmalı, lazımi tədbirlər görməli və onlara cavab verməlidirlər;

1.3.3.  Vətəndaşların müraciətləri üzrə kargüzarlıq işinin düzgün təşkili və müraciətlərə baxılmasının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar müntəzəm olaraq bu işin aparılması qaydalarına əməl olunmasını yoxlamalı və təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər görməlidirlər.

1.4. Vətəndaşların müraciətlərinə baxılması işinin təşkilati-metodiki təminatı DİN-in Katibliyi tərəfindən həyata keçirilir. Müraciətlər üzrə kargüzarlıq işi digər növ kargüzarlıq işlərindən ayrıca və bu iş üçün xüsusi olaraq ayrılmış əməkdaşlar tərəfindən aparılır.

1.5. Vətəndaşların poçt, teleqraf, faks, elektron poçt, “102” xidməti-zəng mərkəzi sistemi vasitəsilə, habelə qəbul zamanı və şifahi formada ünvanladığı müraciətlərə, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Təlimatın müddəalarına uyğun baxılır.

1.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə başqa qayda nəzərdə tutulmayıbsa, bu Təlimatla tənzimlənir.

1.7. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa uyğun olaraq müvəkkil tərəfindən insan hüquqlarının pozulmasına dair şikayətin araşdırılması zamanı daxili işlər orqanının şikayətlə bağlı mülahizələri öyrənilə bilər. Həmin mülahizələr 10 gün müddətində müvəkkilə təqdim olunmalıdır.

1.8. Hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”nə və “İntizam Nizamnaməsi”nə uyğun olaraq baxılır.

1.9. Daxili işlər orqanları əməkdaşlarının raportları bu Təlimata uyğun qeydiyyata alınır və onlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılır. 

1.10. Bu Təlimatın qüvvəsi vətəndaşların məhkəmə icraatı və ya  inzibati icraat çərçivəsində baxılan müraciətlərinə şamil edilmir.

1.11. Vətəndaşların ibtidai araşdırma orqanlarının icraatında olan material və cinayət işləri üzrə prosessual hərəkətlərdən və qərarlardan şikayəti ilə bağlı müraciətləri bu Təlimata uyğun qeydiyyata alınır və onlara “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi”nin tələblərinə müvafiq qaydada  baxılır.

1.12. Müraciətin baxılması üzrə qəbul edilmiş qərarla razılaşmayan vətəndaş, qərarı qəbul etmiş daxili işlər orqanından və ya vəzifəli şəxsdən, yuxarı orqana və ya vəzifəli şəxsə, habelə qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə şikayət etmək hüququna malikdir.

1.13. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə, böhtan və ya təhqir xarakterli müraciətlərə görə vətəndaş qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

1.14. Vətəndaşların müraciətlərinə baxılması qaydalarını pozan, habelə müraciətləri ilə bağlı vətəndaşları təqib edən vəzifəli şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

1.15. Vətəndaşların müraciətlərinə baxılması zamanı şəxsi həyatın toxunulmazlığına, ailə, peşə, kommersiya və qanunla qorunan digər sirlərə aid məlumatların müraciət edənin razılığı olmadan yayılmasına yol verilmir. Məlumatı əks etdirən müraciətin baxılması üçün aidiyyəti orqan və vəzifəli şəxslərə göndərilməsi bu cür məlumatların yayılması hesab edilmir.

1.16. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası müvafiq qanunla tənzimlənir.
 
1.17. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.