Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

“102” xidməti-zəng mərkəzi sisteminə daxil olan müraciətlərin qəbulu və baxılması


6.1. Daxili işlər orqanları əməkdaşları barədə şifahi müraciətlər  DİN-in “102” xidməti-zəng mərkəzi sistemi (bundan sonra “102” xidməti”) tərəfindən qəbul edilir və bu Təlimata uyğun olaraq operativ qaydada qeydiyyata alınaraq baxılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi təmin  olunur.

6.2. Vətəndaşlar tərəfindən  DİO əməkdaşları haqqında “102” xidmətinə verilmiş hər bir müraciət avtomatik rejimdə sistemin yaddaş daşıyıcısına yazılır, müvafiq  qaydada qeydiyyata alınaraq  xidmət  rəisinə məruzə olunur.

 6.3. Müraciəti qəbul edən operator vətəndaşın soyadı, adı, yaşadığı ünvan, əlaqə telefonu, şikayət etdiyi polis orqanı və ya əməkdaş barədə ətraflı məlumat əldə edir, müraciətin məzmununu tam təfsilatı ilə aydınlaşdırır və kompüter sisteminin xüsusi formalı blankında qeydiyyatını aparır, qəbul olunmuş müraciətinə baxılması qaydaları haqqında vətəndaşa müvafiq izahatlar verir.

6.4. Mahiyyəti aydın olmayan, habelə daxili işlər orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələlərə dair müraciətlər qəbul edilmir və bu barədə vətəndaşa müvafiq izahat verilir.

6.5. Araşdırılması tələb olunan müraciətlər 24 saat müddətində raportla DİN-in rəhbərliyinə məruzə edilir  və icrası müvafiq tapşırığa uyğun təmin olunur. 

6.6. DİO əməkdaşları haqqında daxil olmuş  müraciətə  aidiyyəti xidmətlər tərəfindən       15 gün müddətində baxılır, nəticələri və görülmüş tədbirlər üzrə müvafiq arayış tərtib edilərək DİN-in rəhbərliyinə məruzə olunduqdan sonra vətəndaşa müvafiq cavab verilməklə, icrası barədə “102” xidmətinə yazılı məlumat verilir.

6.7. Qəbul edilmiş müraciətlərdə  daxili işlər orqanları əməkdaşlarının  korrupsiya  və  digər hüquqpozmalara yol vermələri barədə, habelə xüsusi əhəmiyyət kəsb edən və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edən məlumatlar olduqda, dərhal xidmət rəisi tərəfindən şifahi qaydada DİN-in rəhbərliyinə məruzə edilir, sonradan raportla sənədləşdirilərək icrası xüsusi nəzarətə götürülməklə araşdırılması aidiyyəti xidmətə tapşırılır.

6.8. Müraciətə baxılması zamanı əlavə sənədlərin toplanılması, müvafiq izahatların alınması və digər tədbirlərin həyata keçirilməsi zərurəti yarandıqda araşdırma müddəti DİN-in rəhbərliyi tərəfindən 1 ayadək uzadıla bilər.      

6.9. Törədilmiş və ya hazırlanan korrupsiya və digər ağır cinayətlər barədə daxil olmuş müraciət qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər orqanın səlahiyyətinə aid olduqda dərhal, cinayətin izlərinin sənədləşdirilməsi ilə bağlı təxirəsalınmaz ilkin hərəkətlərin keçirilməsi zərurəti yarandıqda isə bu hərəkətlər edildikdən sonra  24 saatdan gec olmayaraq aidiyyəti orqana göndərilir.    

6.10. DİN-in “102” xidməti vasitəsilə daxil olmuş törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatlar “Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların daxili işlər orqanlarında qeydiyyatı, uçotu və yoxlanılması qaydaları haqqında Təlimat”a uyğun olaraq qeydiyyata alınıb baxılır.