Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

“Elektron poçt” vasitəsi ilə daxil olan müraciətlərə baxılması


7.1. Vətəndaşların Daxili İşlər Nazirliyinin veb saytına (bundan sonra “veb sayt”) və struktur qurumlarının elektron poçt ünvanına daxil olmuş müraciətləri (bundan sonra “elektron müraciət”) bu Təlimata və “Daxili İşlər Nazirliyinin veb-saytının təşkili qaydalarına dair Təlimat”a uyğun qeydiyyata alınıb baxılır. 

7.2. Elektron müraciətlərə baxılması qaydaları  DİN-in veb saytında yerləşdirilir.

7.3. Elektron müraciətlərin qəbul edilməsi üçün veb saytda doldurulması mütləq olan - vətəndaşın adı, soyadı, atasının adı, ünvanı, telefonu, elektron poçt ünvanı və digər məlumatları əks etdirən müvafiq proqram təminatı təmin edilir.

7.4. Əməliyyat marağı kəsb edən məlumatlar istisna olmaqla, elektron müraciətlərdə vətəndaşın elektron poçt ünvanından başqa,  adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilmədikdə, qanunvericiliyə uyğun olaraq həmin müraciət anonim hesab edilərək qəbul edilmir və bu barədə  müraciət edənin elektron poçt ünvanına müvafiq məlumat göndərilir.

7.5. Elektron müraciət daxil olma tarixi ilə müvafiq jurnalda qeydiyyata alınır, əvvəlki müraciətlərlə təkrarlığı yoxlanılır, xidmət rəhbərliyinə məruzə olunur. Bundan sonra elektron müraciətə ümumi qaydada və müddətlərdə aidiyyəti xidmət tərəfindən baxılır.

Müraciətə baxılmasının nəticəsi üzrə DİN-in Katibliyi tərəfindən vətəndaşın elektron poçt ünvanına cavab məktubu göndərilir.

Müraciət edən şəxsin xahişi ilə cavab onun göstərdiyi ünvana poçt vasitəsilə göndərildikdə cavab məktubunun surəti müvafiq arayışla birlikdə aidiyyəti xidmət tərəfindən DİN-in Katibliyinə təqdim edilir.

 7.6. Elektron müraciətlərdə daxili işlər orqanları əməkdaşlarının  korrupsiya  və  digər hüquqpozmalara yol vermələri barədə, habelə xüsusi əhəmiyyət kəsb edən və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edən məlumatlar olduqda, dərhal xidmət rəisi tərəfindən raportla DİN rəhbərliyinə məruzə edilir və icrası xüsusi nəzarətə götürülməklə araşdırılması aidiyyəti xidmətə tapşırılır.

7.7. Törədilmiş və ya hazırlanan korrupsiya və digər ağır cinayətlər barədə daxil olmuş elektron müraciət qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər orqanın səlahiyyətinə aid olduqda dərhal, cinayətin izlərinin sənədləşdirilməsi ilə bağlı təxirəsalınmaz ilkin hərəkətlərin keçirilməsi zərurəti yarandıqda isə bu hərəkətlər edildikdən sonra  24 saatdan gec olmayaraq aidiyyəti  orqana göndərilir.

7.8. Dövlət sirri təşkil edən məlumatların açıqlanması ilə bağlı daxil olmuş elektron müraciətlərə baxılmır. Daxili işlər orqanlarının xidməti fəaliyyətdə istifadəsi üçün nəzərdə tutulmuş məlumatların vətəndaşlara və ya dövlət orqanlarının vəzifəli şəxslərinə elektron poçt vasitəsi ilə göndərilməsi qadağandır.    

7.9. Daxil olmuş sorğulara “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq, digər elektron müraciətlərə bu Təlimata müvafiq qaydada baxılır.