DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

26.12.2016

Dekabrın 24-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadda və Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb. 
Polis general-leytenantı İsmət Əliyev görüş iştirakçılarına respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını və qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini, xoş arzularını çatdırıb, doğma yurd-yerlərindən didəgrin düşmüş insanlarla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümummilli liderin kursunu uğurla davam etdirdiyini vurğulayan nazir müavini sosial müdafiəyə ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, möhtərəm dövlət başçımızın rəhbərliyi altında cəmiyyət həyatının ayrı-ayrı sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində əldə olunmuş uğurlardan danışıb. 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsini və problemlərinin həllini daim diqqətdə saxladıqlarına görə Nazirliyin rəhbərliyinə təşəkkür edib. 

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin dekabrın 24-də 55 yaşının tamam olduğunu məmnunluqla xatırladaraq, əlamətdar yubiley münasibətilə möhtərəm dövlət başçımızı ürəkdən təbrik ediblər, ölkəmizin tərəqqisi, millətimizin rifahı naminə möhtəşəm fəaliyyətində ona yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik arzulayıblar. Onlar  məhz cənab Prezidentin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində doğma yurd yerlərinə qayıdacaqlarına əminliklərini, problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə ölkə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.   

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 68 min manatlıq vəsaitin 41 min manatı Sabirabadda, qalan 27 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza çatdırılıb.