DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Faciə qurbanları yad edildi

22.02.2018


 Fevralın 22-də Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis  general-leytenantı İsmət Əliyev bildirib ki, öz tarixinin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 26 il əvvəl Xocalıda üzləşdi.
Nazir müavini vurğulayıb ki, yalnız xalqın təkidli tələbilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi sayəsində dinc əhalimizə qarşı törədilən soyqırıma obyektiv hüquqi-siyasi qiymət verilib, Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunub, 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Prezident sərəncamı imzalanıb.  

Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış  xocalıların, eləcə də ərazi  bütövlüyümüz və suverenliyimiz uğurunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu deyən İsmət Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, işğaldan sonra bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayətdir. Qeyd olunub ki, illər keçməsinə baxmayaraq, min bir işgəncə ilə qətlə yetirilən soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi anılır və dünya ictimaiyyəti bəşəri cinayətlər sırasında yer alan Xocalı faciəsini yad edərək Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir və millətçilərin törətdikləri bədnam əməlləri pisləyir.  

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın hər yerində yayılmasını, beynəlxalq aləmin məlumatlandırılmasını, torpaqlarımızın işğal faktı və Xocalı soyqırımı ilə bağlı dünyanın bir çox ölklərində yaşayan həmvətənlərimizin həmrəyliyini diqqətə çatdıran nazir müavini vurğulayıb ki, artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü ifşa olunub və dünya ictimai fikri Xocalı qətliamını soyqırımı kimi qəbul etməyə başlayır. O, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.    
Şəhid ailələri adından danışan Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.

Nazir müavini İsmət Əliyev bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrildiyini, iqtisadi potensialının, siyasi və hərbi qüdrətinin durmadan artdığını, ordumuzun hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu xatırladaraq ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırıb.